BDU-da Beynəlxalq Ərəb Dili Günü qeyd olunub

24/12/2024

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Ərəb Dili Günü qeyd olunub.

Mərasimdə çıxış edən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov dünyada mövcud olan dillər arasında ərəb dilinin özünəməxsus yeri olduğunu bildirib. Ərəb dili özünün tarixiliyi, söz ehtiyatının genişliyi cəhətdən dünyanın ən zəngin dillərindən hesab edilir. Məhz buna görə də 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında ərəb dili qurumun rəsmi dili elan edilib. 2010-cu ildən etibarən 18 dekabr tarixi Beynəlxalq Ərəb Dili Günü kimi qeyd edilir.

Şahin Pənahov BDU-nun Azərbaycanda ərəbşünaslıq məktəbinin əsas mərkəzi olduğunu diqqətə çatdırıb. O bildirib ki, 1922-ci ildə yaradılan Şərqşünaslıq fakültəsində ərəb dili tədris olunmağa başlayıb, minlərlə yüksəkixtisaslı kadr yetişdirilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ərəb ölkələri ilə əlaqələrin daha da gücləndiyini qeyd edən prorektor belə tədbirlərin tələbələrin ərəb dilinə marağını artırdığını bildirib.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli isə bildirib ki, ərəb dili bəşəriyyətin ən qədim dillərindən biridir. Bu dil İslamın dilidir və dünyada geniş yayılıb. Keçmişdə azərbaycanlı tarixçilər, şairlər ərəb dilində əsərlər yazaraq, onun zənginləşməsinə öz töhfələrini veriblər. Səfir hazırda da  Azərbaycanda ərəb dilinə böyük diqqət olduğunu deyib. O bildirib ki, Azərbaycanda 10-a yaxın məktəbdə və 6 nüfuzlu universitetdə, o cümlədən BDU-da ərəb dili tədris olunur.

Küveyt Dövlətinin ölkəmizdəki səfiri Məhəmməd Feysəl Əl-Muteyri ərəb dilinin keçmişlə indiki dövrü birləşdirdiyini, xalqlar, mədəniyyətlər arasında körpü rolunu oynadığını bildirib və tədbirin təşkilinə görə təşəkkür edib.

Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, professor Aida Qasımova çıxışlarında Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin inkişafına fakültənin mühüm töhfə verdiyini qeyd ediblər.

Tədbirdə “Şərqşünaslıq fakültəsinin tarixi” və “Şərqşünaslıq fakültəsində ərəb dilinin tədrisinin dünəni və bu günü” mövzusunda videoçarxlar nümayiş olunub. Fakültənin tələbələri ərəb dilində şeirlər, musiqilər, səhnəciklər ifa ediblər.

Xəbərlər

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

21 fevral – Beynəlxalq Ana Dili Günüdür
21/02/2025

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək

BDU-nun 7 tələbəsi SOCAR-ın “Gənc İstedadlar Proqramı”ında iştirak edəcək  
21/02/2025

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub

BDU-da Beynəlxalq Ana Dili Günü qeyd olunub
21/02/2025