BDU-da “Beynəlxalq təhlükəsizlik” ixtisaslaşması üzrə mütəxəssislər hazırlanacaq

30/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 2026/2027-ci tədris ilindən etibarən magistratura səviyyəsində “Beynəlxalq təhlükəsizlik” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“Beynəlxalq təhlükəsizlik” ixtisaslaşması qlobal və regional təhlükəsizlik mühitinin öyrənilməsi, beynəlxalq münaqişələrin səbəblərinin və nəticələrinin təhlili, milli təhlükəsizlik siyasətinin araşdırılması, habelə müasir təhlükəsizlik çağırışlarının qiymətləndirilməsi sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Tədris proqramı çərçivəsində tələbələr beynəlxalq təhlükəsizlik nəzəriyyələri, geosiyasi proseslər, münaqişələrin idarə olunması və həlli mexanizmləri, regional təhlükəsizlik sistemləri, enerji və kibertəhlükəsizlik məsələləri, beynəlxalq təşkilatların təhlükəsizliyin təmin edilməsində rolu, habelə qlobal risklərin qiymətləndirilməsi istiqamətində nəzəri və praktik biliklər əldə edəcəklər.

İxtisaslaşmanın əsas məqsədi beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində analitik düşüncəyə malik, qlobal prosesləri qiymətləndirə bilən, dövlət və beynəlxalq təşkilatların təhlükəsizlik siyasətinin formalaşdırılmasında iştirak edə biləcək peşəkar kadrlar hazırlamaqdır. Təhsil müddətində tələbələr müxtəlif tədqiqat layihələrinə cəlb olunacaq, müasir təhlükəsizlik problemləri üzrə analitik araşdırmalar aparmaq bacarıqları qazanacaqlar.

“Beynəlxalq təhlükəsizlik” ixtisaslaşmasının məzunları dövlət qurumlarında, diplomatik xidmət orqanlarında, beynəlxalq təşkilatlarda, analitik mərkəzlərdə, təhlükəsizlik və strateji araşdırmalar institutlarında, eləcə də özəl sektorda risklərin idarə olunması və təhlükəsizlik sahələrində fəaliyyət göstərə biləcəklər.

Yeni ixtisaslaşma ölkədə beynəlxalq təhlükəsizlik və strateji araşdırmalar sahəsində peşəkar insan resurslarının hazırlanmasına, milli təhlükəsizlik potensialının gücləndirilməsinə və qlobal çağırışlara adekvat cavab verə bilən mütəxəssislərin yetişdirilməsinə mühüm töhfə verəcək.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026