BDU-da “Blackbord”un istifadəsinə növbəti tədris ilində başlanılacaq

17/06/2021

Bakı Dövlət Universiteti (BDU) Amerika Birləşmiş Ştatlarının təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində dünya lideri olan “Blackboard” şirkəti ilə əməkdaşlıq edir.Blackboard” - tədrisin idarəedilməsi proqramının istifadəsi BDU-da “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə ilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarə olunması, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə imkan yaradacaq.

“Blackboard” təhsil prosesinin idarə edilməsi sistemidir. Bu sistemdə müəllimlər və tələbələr arasındakı bütün münasibətlər “Blackboard” vasitəsilə idarə olunacaq. Bununla da artıq dərslərin aparılması, tələbələrin dərs materialları ilə təmin olunması, qiymətləndirilmə və bir çox proseslər avtomatlaşacaq. Sistem həmçinin tələbələrin qiymətini avtomatik olaraq hesablaya biləcək. Eyni zamanda tələbələr bütün təhsil prosesini vizual olaraq izləmək imkanı əldə edəcək, bununla yanaşı, sistem tələbə və müəllimlərin ümumi hərəkətlərini monitorinq və analiz etməyə şərait yaradacaq. Bundan əlavə, tələbələrə məlumatlar elektron poçt vasitəsilə ötürülməyəcək, tələbə sistemə daxil olduqda artıq öz elan lövhəsində ona olan mesaj və bildirişləri rahatlıqla görə biləcək.

“Blackboard Collaborate” isə həm universitetin daxilində, həm də başqa universitetlərlə əməkdaşlığı asanlaşdırmağa kömək edəcək. Məsələn, bununla hər hansı ikili diplom proqramını həyata keçirən və “Blackboard Collaborate” istifadə edən universitetlə tədrisi birləşdirmək mümkündür. Beləliklə, tələbələr rahatlıqla BDU-da və ya dünyanın hər hansı bir universitetində kurslar (kreditlər) götürməklə ikili diplom əldə edə bilərlər.

Hazırda BDU beynəlxalq səviyyəli universitet olmaq üçün səylərini artırır. Bu proqram vasitəsilə dünyanın nüfuzlu universitetləri ilə əlaqələrin qurulması ilə bərabər, xarici tələbələrin burada rahat təhsil almasına imkan yaranacaq. Əlavə olaraq, “Blackboard” sistemi BDU-nun rəqabətə davamlılığının artırılmasında böyük rol oynayacaqdır. BDU Azərbaycanda bu proqramı tətbiq edəcək ikinci universitetdir və sistem tələbə-müəllim münasibətlərinin ən üst səviyyədə, şəffaf şəkildə aparılmasına şərait yaradacaq.

Tətbiqin bu il sentyabrın 15-indən müəllim və tələbələr üçün tam istifadəsi nəzərdə tutulub. Yaxın zamanda admin təlimləri yekunlaşacaq və ilk test mərhələsi keçiriləcək. Test mərhələsi  uğurla başa çatsa, Universitetin bütün datası proqrama daxil ediləcək. Bundan sonra ilk 100 nəfərlik qrupla müəlimlərin təlimlərinə başlanılacaq və bu şəkildə 100-200 nəfərlik qruplarla  davam etdiriləcək.

Hazırda admin heyəti üçün aktiv təlimlər keçirilir. Admin heyəti dataları proqrama daxil edən şəxslərdir. Data deyərkən tələbə və müəllimlərin, kursların məlumatları nəzərdə tutulur. Hazırda tələbə informasiya sistemindən dataları çıxararaq “Blackboard”a inteqrasiya edilməsi üçün dataların hazırlanması prosesi həyata keçirilir. Administrativ heyətin təlimlərini “Blackboard” sistemi reallaşdırır. Ancaq dil baryerinə görə, müəllimlərin təlimlərini ADA universiteti Azərbaycan dilində keçirəcək. Proqram hazırda türk, ingilis və rus dillərində istifadə seçimləri verir. Gələn ilə artıq proqramın Azərbaycan dilinə uyğunlaşdırılması planlaşdırılır. Həmçinin müəllimlərin yanaşmasını öyrənmək üçün sentyabr və dekabr aylarında bu barədə sorğu keçirilməsi nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, ilk 100 nəfərlik qrup xüsusi meyarlara uyğun  olaraq innovasiyalara açıq olan müəllimlərdən təşkil olunmuşdur. Daha sonra qrupdan 20 nəfər seçilərək onlara “Blackboard”ın beynəlxalq sertifikatı təqdim ediləcək. Bu müəllimlər beynəlxalq sertifikatlı təlimçilər olacaqları üçün  gələcəkdə Azərbaycanda və ya dünya səviyyəsində təlimçi kimi çıxış etmək imkanı qazanacaqlar.

Şəbnəm Səfərova

“Blackboard” müəllim-tələbə məlumat mübadilə sisteminin

tətbiqi üzrə layihənin rəhbəri

Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024