BDU-da ədəbi-bədii tədbir: “Unudulmazlar”

27/09/2024

Bakı Dövlət Universitetinin  (BDU) Filologiya fakültəsində “BDU könüllüləri”nin təşkilatçılığı və “Lin-Orph” musiqi klubunun dəstəyi ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş “Unudulmazlar” adlı tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov 44 günlük Vətən müharibəsinin Prezident-Ordu-Xalq birliyinin ən güclü nümunəsi olduğunu, xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını bildirib. Vətən müharibəsi nəticəsində 30 illik işğala, yurd həsrətinə son qoyulub. Ötən il həyata keçirilən antiterror tədbirləri ilə isə erməni seperatizminin kökü kəsilib, suverenliyimiz tam bərpa olunub.

Rus dili (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Tahir Əliyev Vətən müharibəsi dövründə və ötən il antiterror əməliyyatlarında əldə olunan böyük Zəfərin regionda yeni reallıqların təntənəsi olduğunu və ölkəmizin bölgənin güclü dövlətinə çevrildiyini diqqətə çatdırıb. Qeyd edib ki, dövlət başçısının Sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-sinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunması bu tarixi qələbəyə verilən böyük qiymətdir.

BDU-nun şəhid məzunu Nicat Əhmədovun bacısı Lalə Zeynalova qeyd edib ki, Universiteti bitirdikdən sonra, 2020-ci ilin iyulunda hərbi xidmətə yollanan Nicat əsgərlikdə rabitə bölüyündə qulluq edib. Sentyabrın 22-də – doğum günündə yaxınları onu görməyə gəlib, həmin günü ailəsi ilə birlikdə hərbi hissədə qeyd edib. Beş gün sonra Vətən müharibəsi başlayıb və Nicat da bu müqəddəs döyüşlərə qoşulub. Oktyabrın 8-i səhər saatlarında Füzuli istiqamətindəki döyüşlərdə şücaət göstərərək əbədiyyətə qovuşub.

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Nail Orucovun həyat yoldaşı Nigar Ağamalıyeva çıxışında qəhrəman şəhidimizin döyüş yolundan bəhs edib. Diqqətə çatdırıb ki, Nail Orucov 2015-ci ildə hərbi xidmətdən ehtiyata buraxılsa da, 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlimlərə cəlb olunub. 2020-ci il oktyabrın 6-dan I tabor komandiri vəzifəsi ilə xidmətə başlayıb. Onun taboru Füzuli, Hadrut, Cəbrayıl və Qubadlı istiqamətində əks-hücum əməliyyatları ilə düşməni geri çəkilməyə məcbur edib, Qubadlı rayonunun Ermənistanla sərhədini tam nəzarətə alıb. Oktyabrın 31-də düşmən təxribatı nəticəsində Qubadlıya yenidən hücum olunub və Nail Orucov düşmənin artilleriya atəşi nəticəsində şəhadətə yüksəlib.

Tədbirdə Vətən müharibəsi şəhidləri - polkovnik-leytenant Nail Orucov və Nicat Əhmədov haqqında videoçarxlar nümayiş olunub, II kurs tələbəsi Hümbət Bədəlovun çıxışı dinlənilib, “Lin-Orph” musiqi klubunun üzvləri vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024