BDU-da “Elm günü”nə həsr olunmuş seminar
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 27 mart – Azərbaycan Respublikasında “Elm günü” ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti elmi seminar keçirilib. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələri, magistrant və doktorantları, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları iştirak ediblər.
Elmi seminarda AMEA-nın “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının Azərbaycan bölməsinin sədri, filologiya elmləri üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov “Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi” mövzusunda məruzə edib. Natiq bildirib ki, ölkəmizdə məhz 27 mart tarixinin “Elm günü” kimi qeyd edilməsi AMEA-nın yaranması ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci ildə imzaladığı Sərəncamla hər il martın 27-si Azərbaycanda “Elm günü” kimi qeyd edilir. O vurğulayıb ki, bugünkü tədbir AMEA-nın 80 və “Elm” nəşriyyatının 100 illik yubileylərinə həsr edilib.
Məruzədə Azərbaycanda elmi ədəbiyyatın nəşr tarixi ölkəmizdə elmin inkişaf mərhələləri və elmi təşkilatlanmanın formalaşması kontekstində şərh edilib: “AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ötən əsri elmimizin təşkilatlanma mərhələsi adlandırır. O, 1923-1945-ci illəri başlanğıc, hazırlıq dövrləri, 1945-1969-cu illəri Akademiyanın təşkilatlanması və elmi əsaslarının formalaşdırılması, 1969-1982-ci illəri intibah dövrü kimi səciyyələndirir. 1983-1993-cü illər AMEA-nın tənəzzül və böhran mərhələsi, 1993-2003-cü illər quruculuq dövrü, 2003-2022-ci illər modernləşdirmə mərhələsi sayılır. 2022-ci ildən etibarən isə AMEA-da yeniləşmə və islahatlar dövrü başlayıb. Şübhəsiz ki, elmin inkişaf mərhələləri elmi ədəbiyyatın nəşr tarixinə öz təsirini göstərib”.
Natiq “Elm” nəşriyyatının fəaliyyət göstərdiyi 100 il ərzində ölkəmizdə elmi ədəbiyyatın nəşrindəki rolundan danışıb. Nəşriyyata müxtəlif illərdə rəhbərlik etmiş Ziya Bünyadov, Əjdər Xanbabayev, Faiq Məlikov, Şirindil Alışanlı kimi nüfuzlu ziyalıların xidmətlərindən bəhs edib.
Məruzədə elmi ədəbiyyatın nəşrinin akademik biliklərin sistemləşdirilməsi və yayılmasında mühüm rola malik olduğu diqqətə çatdırılıb, akademik nəşriyyat fəaliyyətinin elmin inkişafına, onun qlobal elm məkanına inteqrasiyasına, eləcə də tədqiqatların metodoloji cəhətdən beynəlxalq standartlara uyğunlaşmasına töhfə verdiyi qeyd edilib. Elmin inkişafının cəmiyyətin tərəqqisinin əsas göstəricilərindən biri olduğunu deyən məruzəçi bildirib ki, hər hansı bir sahənin formalaşması, ilk növbədə, həmin sahədə aparılan elmi-tədqiqatlar və onların geniş şəkildə yayımlanması ilə bilavasitə bağlıdır. Direktor elmi biliklərin sistemləşdirilərək cəmiyyətə təqdim edilməsinin məhz elmi nəşrlər vasitəsilə mümkün olduğunu vurğulayıb.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb.