BDU-da ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

09/04/2013

Bu gün BDU-nun Elmi Şurasının növbəti iclası keçirilib. AMEA-nın Rəyasət Heyəti üzvləri, ali təhsil müəssisələrinin rektorları, BDU-nun elmi Şurasının üzvləri, tanınmış alimlər və KİV nümayəndələrinin iştirak etdiyi iclası giriş sözü ilə universitetin rektoru akademik Abel Məhərrəmov açıb. Azərbaycan elminin, təhsilinin dinamik inkişafı, elmi kadrların hazırlanması, elmi potensialın gücləndirilməsi, elmi-texniki nailiyyətlərin əldə olunmasının vacib məsələlərdən olduğunu bildirən rektor, elmin inkişafını xalqın gələcəyini təyin edən əsas amillərdən biri hesab edən dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb, bu uğurlu siyasətin BDU-ya da dəyərli töhfəsini verdiyini və Azərbaycanın beynəlxalq aləmdə aparıcı dövlətlər sırasına qoşulmasına zəmin yaratdığını söyləyib. Qeyd edilib ki, dövlət tərəfindən göstərilən qayğı, elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların tətbiqi və aparılan islahatlar nəticəsində 2012-ci ildə BDU “QS World University Rankings-2012” reytinqinə görə dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) tərəfindən dünyanın ən yaxşı 2000 universitetinin siyahısına daxil edilib. Hesabat ilində Rusiyanın Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko BDU-nun fəxri doktoru seçilib.

İclasda 2012-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında Elm və innovasiyalar üzrə prorektor prof. A.H.Kazımzadənin hesabatı dinlənilib və BDU-da elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi tədqiqatların aparılmasından danışılıb.

Məlum olub ki, Bakı Dövlət Universitetinin 17 fakültəsinin 125 kafedrasında, 2 elmi-tədqiqat institutunda, 3 elmi-tədqiqat mərkəzində və 24 elmi-tədqiqat labora­to­ri­yasında elmin müxtəlif istiqamətlərinə aid fundamental və tətbiqi xarakterli tədqiqatlar aparılır.

Prof.A.H.Kazımzadə qeyd edib ki, ümumiyyətlə 2012-ci ildə BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən bir sıra aktual mövzuların həllinə yönəlmiş 81 istiqamətdə 195 mövzu üzrə 1149 elmi iş yerinə yetirilmişdir.

Hesabat ilində Universitetdə fəaliyyət göstərən 6 daimi və 10 Birdəfəlik Dissertasiya Şuralarında 90 nəfər ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya (onlardan 41 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır) müdafiə etmişdir. Ümumiyyətlə BDU əməkdaşları, doktorantı və dissertantları tərəfindən ixtisas üzrə 10 elmlər doktoru və 85 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edilmişdir.

Hesabat ilində Universitetdə professor-müəllim heyəti və əməkdaşlar tərəfindən 74 monoqrafiya, 66 kitab, 92 dərslik, 109 dərs vəsaiti, 2462 məqalə, o cümlədən 1761 məqalə respublikada, 701 məqalə xaricdə, 1432 tezis, o cümlədən 623 tezis respublikada, 809 tezis xaricdə, 40 metodik göstəriş, 207 proqram nəşr etdirilib. Cari ildə universitet alimləri 32 doktorluq və 146 fəlsəfə doktoru dissertasiyası işinə opponentlik etmişlər. 15 doktorluq və 99 fəlsəfə doktoru dissertasiya işinə aparıcı təşkilat olaraq rəy vermişlər.

Xaricdə nəşr olunmuş 701 məqalədən 145-ı, yəni bütün xaricdə nəşr olunmuş məqalələrin 20,7 %-i impakt faktorlu jurnallarda nəşr olunmuşdur:

BDU əməkdaşları tərəfindən 19, o cümlədən BDU-nun sahibliyi ilə 10 yerli və 2 beynəlxalq patent alınmışdır.

Prof.A.H.Kazımzadə 2012-ci ildə universitet alimlərinin xaricdə nəşr olunmuş kitabları haqqında da məlumat verib. Bu kitablar mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika, biologiya, tarix, filologiya, hüquq, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələrinin əməkdaşları  tərəfindən yazılıb və ABŞ, Almaniya, Rusiya, Ukrayna, Türkiyə və İran İslam Respublikasının nəşriyyatlarında nəşr olunub.

Hesabat ilində Universitetin əməkdaşları tərəfindən 86 (53 beynəlxalq və 33 respublikadaxili) elmi layihələr həyata keçirilib. Bu layihələr Avropa Birliyinin 7-ci Çərçivə (FP-7) və TEMPUS Programları, Amerikanın Mülki Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanının Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi araşdırmalar mərkəzi, NATO-nun «Elm sülhün keşiyində» proqramı, İsveçrə Milli Elm fondu, Almaniyanın Folsfagen şirkəti, Soros fondu Açıq Cəmiyyət İnstitutu, Dünya Bankı, AR Prezidenti Yanında Elmin İnkişafı Fondu, Azneft İstehsalat Birliyi və digər yerli və xarici təşkilatlar tərəfindən maliyyələşdirilir.

Bakı Dövlət Universitetinin Elmi kitabxanası hər il olduğu kimi 2012-ci ildə də ali məktəbin tədris-tərbiyə prosesini və elmi-tədqiqat işini ədəbiyyatla və informasiya ilə təmin edən aparıcı struktur bölməsi kimi öz fəaliyyətini davam etdirmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən ali  məktəb kitabxanaları üzrə elmi-metodiki mərkəz kimi fəaliyyət göstərən Elmi kitabxana 22 dövlət və bəzi özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir, 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi aparır. Universitetin 4 korpusunda yerləşən Elmi kitabxanasının 14 şöbəsi, 5 abonementi, 15 oxu zalı müntəzəm surətdə oxucuların istifadəsindədir.

Bakı Dövlət Universitetinin nəşriyyatında çoxlu sayda monoqrafiyalar, dərslik və dərs vəsaitləri hazırlanmışdır.

Bakı Dövlət Universitetində dörd seriyada «Bakı Universitetinin Xəbərləri» jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi jurnallar öz fəaliyyətlərini davam etdirmişlər.

Bakı Dövlət Universitetində 2007-ci ildən «Gənc istedadlar» liseyi fəaliyyət göstərir. Liseydə kitabxana, kompyuter otağı, kimya laboratoriyası, biologiya və fizika kabinələri, idman zalı, tibb məntəqəsi və yeməkxana şagirdlərin istifadəsinə verilmişdir. Üç buraxılış üzrə Liseyi 103 şagird bitirmiş və onların hamısı nüfuzlu ali məktəblərə (o cümlədən 36-sı BDU-ya) daxil olmuşdur. 2011/2012-ci tədris ilində Respublika Olimpiadasında  şagirdlərdən 3 nəfəri I yer, 3 nəfəri III yer tutmuşdur; TQDK-nın məlumatına görə 2010-cu, 2011-ci və 2012-ci illərdə qəbul imtahanlarında toplanılan orta bal və bəzi fənlər üzrə düzgün cavabların sayına görə Lisey I Yerə çıxmışdır. “Sabahın alimləri” Respublika müsabiqəsinə əsasən Universitetin professor-müəllim heyətinin rəhbərliyi ilə Lisey şagirdləri tərəfindən təqdim olunmuş 9 işin hamısı müsabiqə nəticəsində I, II və III yerləri tutmuşdur. Həmin müsabiqə nəticəsində may ayında ABŞ-da kecirilən yekun müsabiqəyə göndərilmək üçün seçilən 3 işdən 2-si Lisey şagirdləri olmuşdur. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında keçirilən yarışlarda yüksək nəticə əldə etdiyinə görə X sinif şagirdi Quluzadə Sona Adəm qızı aprel ayının sonlarında Astana şəhərində keçirilən beynəlxalq Mendeleyev olimpiadasinda iştirak etmiş və bürünc medal qazanmışdır. Bu il keçirilən “Sabahin Alimləri” müsabiqəsində Liseyin 14 şagirdi 10 Layihə ilə iştirak etmişdir. Müsabiqə nəticəsində 3 Layihə (5 şagird) I yer, 4 Layihə (7 şagird) II yer tutmuşlar. Bu ilin may ayında ABŞ-da keçiriləcək «Sabahın alimləri» Beynəlxalq müsabiqəsində Respublikamızı təmsil edəcək 3 layihədən 2-si «Gənc istedadlar» liseyinin şagirdlərinə məxsusdur. 2013-cü ildə Respublika Olimpiadasında  şagirdlərdən 4 nəfəri I yer, 1 nəfəri III yer, 2 nəfəri IV yer  tutmuşdur və Beynəlxalq Mendeleyev Olimpiadasına göndəriləcək 5 nəfərdən 2-si Lisey şagirdləridir. Həmçinin Liseyin 1 tələbəsi bu günlər keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA) qalibi olmuş və bürünc medal almışdır.

2012-ci ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazası daha da möhkəmləndirmək məqsədi ilə 1 700 324 $ dəyərində yeni cihaz və avadanlıqlar alınmışdır.

Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elm və təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru akademik A.M.Məhərrəmovun 09.06.2009-cu il tarixli R-48 saylı əmri ilə universitetdaxili “50+50” qrant proqramı təsis edilmişdir. Müvafiq komissiyanın qərarı və Rektorun əmri ilə 25 professor-müəllim heyətinə, 20 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbə 2012-2013-cü illər ərzində 4-cü müsabiqənin qalibi elan edilmişdir və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir.

Bakı Dövlət Universitetində 74 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır.

Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 34 elmi təşkilat və ali təhsil müəssisəsi ilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Mətbuat və İnformasiya şöbəsi, 09 aprel 2013-cü il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024