BDU-da elmi seminar: “Azərbaycan ruhaniliyi milli oyanış dövründə”

18/05/2026

Bakı Dövlət Universitetinin  (BDU) Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rəsul Hüseynlinin “Azərbaycan ruhaniliyi milli oyanış dövründə (XIX yüzilin sonu – XX yüzilin əvvəlləri)” mövzusunda elmi seminarı keçirilib.

Kafedranın müdiri, dosent Mehman Abdullayev bildirib ki, seminar Azərbaycan tarixinin mühüm və az araşdırılmış mövzularından birinə həsr olunub. O, Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə Azərbaycan alimləri və ziyalıları ilə görüşündə XIX-XX əsrlər tarixinin indiyədək kifayət qədər öyrənilməmiş, təhrif olunmuş və qaranlıq qalmış məsələlərinin araşdırılmasının vacibliyinə dair fikirlərini xatırladıb, bu baxımdan Rəsul Hüseynlinin tədqiq etdiyi mövzunun həmin dövr tarixinin aktual problemlərindən biri olduğunu vurğulayıb.

Məruzəçi, dosent Rəsul Hüseynli çıxışında mövzunun əsas istiqamətləri kimi ruhaniliyin müsəlman dövlətləri ilə əlaqələri və Rusiya hökumətinin buna qarşı həyata keçirdiyi tədbirləri, ruhaniliyin milli mətbuatda fəaliyyəti, XX əsrin əvvəllərində çarizmin ruhaniliyə münasibətdə yürütdüyü siyasəti, dini-etnik münaqişələrdə müsəlman din xadimlərinin mövqeyini və ruhaniliyin I Dünya müharibəsi illərindəki fəaliyyətini diqqətə çatdırıb.

Rəsul Hüseynli bildirib ki, Rusiya imperiyasının müstəmləkəçilik siyasətində iqtisadi və milli ayrı-seçkiliklə yanaşı, dini-ideoloji və mədəni-mənəvi basqılar da mühüm yer tutub. Onun sözlərinə görə, Azərbaycanın müsəlman din xadimləri XIX əsrin ikinci yarısından etibarən formalaşmağa başlayan milli özünüdərk prosesində mühüm rol oynayıblar. Milli ideologiyanın hələ tam formalaşmadığı və milli ziyalı təbəqəsinin yenicə meydana çıxdığı dövrdə ruhani zümrəsi ictimai-siyasi proseslərin əsas iştirakçılarından biri olub.

Məruzəçi qeyd edib ki, ruhani zümrəsinin Osmanlı imperiyası və Qacar dövləti ilə əlaqələri Rusiya imperiya dairələrini ciddi narahat edib. Həmçinin mütərəqqi fikirli din xadimlərinin mətbuat vasitəsilə xalqı müsəlman dünyasında baş verən azadlıq hərəkatları barədə məlumatlandırması və ermənilərin xalqımıza qarşı həyata keçirdiyi qırğınlara qarşı müqavimətdə iştirak etməsi çar məmurlarının narazılığına səbəb olub.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026