BDU-da elmi seminar: “Fiziki vakuum haqqında”

16/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Fizika və Mexanika-riyaziyyat fakültələrinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar keçirilib.

Seminarda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Nəzəri fizika və kvant informasiyası laboratoriyasının baş elmi işçisi, professor Şakir Nağıyev “Fiziki vakuum haqqında” mövzusunda məruzə edib.

Məruzədə kvant fizikası çərçivəsində materiyanın fundamental mövcudluq formalarından biri hesab edilən fiziki vakuumun inkişaf tarixi, quruluşu və əsas xassələri izah olunub. Bildirilib ki, fiziki vakuum yalnız boşluq deyil, virtual zərrəciklərdən ibarət mürəkkəb sistemdir və bütün kvant sahələrinin vakuum hallarının məcmusunu təşkil edir.

Professor qeyd edib ki, fiziki vakuum fizikanın öyrəndiyi ən mürəkkəb və fundamental obyektlərdən biridir və bütöv bir aləm kimi qəbul olunur. Onun sözlərinə görə, müxtəlif vakuumlara malik digər aləmlərin mövcudluğu da istisna edilmir.

Diqqətə çatdırılıb ki, fiziki vakuum birbaşa müşahidə olunmasa da, onun təsirləri eksperimentlərdə qeydə alınır. Bu təsirlərə elektron-pozitron cütlərinin yaranması, Lemb sürüşməsi və Kazimir effekti kimi hadisələr daxildir. Vakuumun polyarizasiyası nəticəsində zərrəciyin elektrik sahəsi dəyişir, bu isə enerji səviyyələrinin sürüşməsinə və anomal maqnit momentinin yaranmasına səbəb olur.

Həmçinin vurğulanıb ki, Kazimir effekti fiziki vakuumdan enerji əldə etməyin mümkünlüyünü göstərir və maddi aləmin xassələri böyük ölçüdə vakuumun xüsusiyyətləri ilə müəyyən olunur. Qarşılıqlı təsirlərin vakuumun virtual zərrəcikləri vasitəsilə ötürüldüyü bildirilib.

Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə!
10/08/2026

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
10/08/2026

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə mütəxəssislər hazırlanır
10/08/2026