BDU-da elmi seminar: “Mirzə Fətəli Axundzadə irsinin biblioqrafik tədqiqi”

04/06/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində görkəmli Azərbaycan yazıçısı və mütəfəkkiri, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadəyə həsr olunmuş elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Sənəd menecmenti kafedrasının dosenti Sima İsmayılova “Mirzə Fətəli Axundzadə irsinin biblioqrafik tədqiqi” mövzusunda məruzə edib. Mirzə Fətəli Axundzadənin yaradıcılığının, elmi-nəzəri fikirlərinin bütövlükdə Şərq bədii-ictimаi fikrinin formalaşmasında və inkişаfındа müstəsna rоl оynаdığını vurğulayan məruzəçi görkəmli ədibin irsinin biblioqrafik tədqiqi barədə ətraflı məlumat verib.

Məruzədə Axundzadə irsinə dair sənəd kütləsi və sənəd axını xronoloji inkişafda təqdim edilib. Qeyd olunub ki, görkəmli ədibin irsi haqqında meydana gəlmiş sənəd axını biblioqrafik informasiya mənbələrinin yaradılmasında baza rolunu oynayır: “Axundzadənin zəngin irsi haqqındakı biblioqrafik mənbələr ədibin həyat və yaradıcılığının, yaşadığı dövrün ədəbi-ictimai mühitinin, sosial-siyasi hadisələrin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu zəngin irsi araşdıran  tədqiqatçılar ilk növbədə mövcud biblioqrafik informasiya mənbələrinə müraciət edirlər”.

Araşdırmada bildirilib ki, Axundzadənin həyat və yaradıcılığına həsr edilmiş ilk biblioqrafik vəsaitlər, o cümlədən biblioqrafik yaddaş, biblioqrafik oçerk, müxtəsər ədəbiyyat göstəriciləri 1920-40-cı illərdə meydana gəlib: “Görkəmli ədibə həsr edilmiş ilk şəxsi biblioqrafik göstəricini isə 1948-ci ildə Hüseyn Tağıyev tərtib edib, biblioqrafik göstərici M. F. Axundov adına Dövlət Kitabxanası tərəfindən nəşr olunub. Biblioqrafik göstəricinin daha təkmilləşdirilmiş ikinci nəşri 1960-cı ildə hazırlanıb, həmin nəşrdə verilmiş materialların xronoloji əhatəsi daha genişdir”. Sima İsmayılova M. F. Axundzadə irsinin biblioqrafik tədqiqində mühüm əhəmiyyət kəsb edən, Ağaəmi İbrahimov tərəfindən hazırlanaraq 1955-ci ildə çap edilmiş "M. F. Axundov arxivinin təsviri" adlı vəsaiti geniş şəkildə təhlil edib. Bildirib ki, vəsaitdə 1300-dən çox material, o cümlədən Axundzadənin ayrı-ayrı şəxslərə yazdığı 154 məktubun surəti və ona göndərilən 124 məktubun orjinalı saxlanılır.

Məruzədə Axundzadə irsinə dair son dövrlər çap olunmuş biblioqrafik vəsaitlər, o cümlədən Milli Kitabxana tərəfindən nəşr edilmiş “Mirzə Fətəli Axundzadə-200” biblioqrafik göstəricisi (2012) və AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən nəşr edilmiş “M.F.Axundzadə” (2014) adlı şəxsi biblioqrafik göstərici də şərh olunub.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024