BDU-da “Fin türkologiyası” mövzusunda elmi seminar

05/01/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında “Fin türkologiyası” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan laboratoriyanın elmi işçisi Pərvin Eyvazov türkologiyanın inkişafında Avropadakı əsas türkoloji mərkəzlərin, o cümlədən fin türkoloqlarının fəaliyyətinin önəmli rol oynadığını vurğulayıb, məruzənin mövzusunun əhəmiyyətindən söz açıb. Bildirib ki, M.  Kastren, Q. İ. Ramstedt, M. Rəsənen, O. Donner və başqa fin türkoloqlarının qədim türk yazılı abidələri və altayşünaslıqla bağlı araşdırmaları öz elmi dəyəri ilə seçilir və bu tədqiqatlar türkoloji dilçilikdə önəmli mənbə sayılır.

Mövzu ilə bağlı məruzə edən laboratoriyanın elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov fin türkologiyasının tarixi haqqında ətraflı məlumat verərək, Finlandiyada türkoloji tədqiqatlara marağın yaranma səbəblərini diqqətə çatdırıb. Qeyd edib ki, tarixən türk və fin xalqları arasında müxtəlif istiqamətli əlaqələr mövcud olub. Belə yaxın əlaqələr fin xalqının öz kökünü, tarixini, mədəniyyətini araşdırarkən türk xalqlarının da tarixinə nəzər yetirmək kimi zərurəti ortaya çıxarıb. Nəticədə fin alimlərinin türk dünyasına diqqəti artıb, sonradan burada türkologiya peşəkar bir elmi fəaliyyət sahəsinə çevrilib.

Məruzəçi bildirib ki, M. Kastren, Q. İ. Ramstedt, M. Rəsənen kimi fin alimləri öz tədqiqatları ilə türkologiyaya mühüm töhfələr veriblər. M. Kastrenin türkologiyada ən önəmli xidməti “Altay dilləri nəzəriyyəsi”ni yaratması olub. M. Kastren Ural-Altay dilləri qrupunu başlıca beş sahəyə ayırmağı düzgün hesab edib (fin-uqor, samoyet, türk-tatar, monqol, tunqus və şivələri) və bu dil ailəsinə Altay adını verib. Q. Ramstedt Ural-Altay nəzəriyyəsinə qarşı çıxıb, yalnız altay dillərinin qohumluğunu qəbul edərək buraya Koreya və yapon dillərini də aid edib. Həmçinin o, türk dillərinin təsnifini aparıb, onları çuvaş dili, yakut dili, Qərb qrupu, Şərq qrupu və Cənub qrupu olmaqla beş qrupa ayırıb. M. Rəsənen türk dillərinin fonologiya və morfologiyası haqqında önəmli əsərlər qələmə alıb. M. Rəsənenin türkologiyada daha çox diqqətçəkən araşdırması 1969-cu ildə nəşr olunan “Türk dillərinin etimoloji lüğəti” kitabıdır. M. Rəsənenin “Ural-Altay leksikasına aid tədqiqatlar”, “Türk dillərinin tarixi fonetikasına dair materiallar” adlı tədqiqat əsərləri xüsusi diqqət çəkir.

Məruzəçi Finlandiyada tarixən mövcud olan və fəaliyyətləri ilə diqqət çəkən Fin-Uqor Cəmiyyəti və Fin Arxeoloji Cəmiyyəti adlı elmi təşkilatların türkologiya sahəsində həyata keçirdiyi işlər barəsində də məlumat verib.

Sonra mövzu ilə bağlı çıxışlar edilib. Dosent İslam Vəliyev, filologiya üzrə fəlsəfə doktoru Sevinc Abdullayeva və magistrantlar çıxış edərək Avropada türkoloji dilçiliyə dair aparılan araşdırmaların ölkəmizdə təbliği və tədqiqinin zəruri olduğunu bildiriblər.

Seminar müzakirələrlə yekunlaşıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024