BDU-da Frankofoniya Günlərinə həsr olunmuş tədbir keçirilib

15/04/2022

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Alman və fransız dilləri kafedrasının təşəbbüsü ilə Azərbaycanda Frankofoniya Günlərinə həsr olunmuş “Gələcəyin frankofoniyası” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü, fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

BDU-nun Filologiya fakültəsinin dekanı Elçin Məmmədov Fransa və Azərbaycanın təhsil sahəsindəki əlaqələrindən, filologiya istiqaməti üzrə BDU ilə Fransanın nüfuzlu universitetləri arasında ikili diplom və mübadilə proqramlarının tətbiqinin zəruriliyindən, ölkəmizdə fransız dilinin tədrisinə dair görülən işlərdən, bu yöndə Alman və fransız dilləri kafedrasının həyata keçirdiyi təşəbbüslərdən danışıb. Bildirib ki, hazırda Frankofoniya Günləri çərçivəsində Bakıda müxtəlif tədbirlər keçirilir, bunlardan biri də BDU-nun Filologiya fakültəsində təşkil olunub və bunu Azərbaycan-Fransa arasında təhsil sahəsindəki əlaqələrin inkişafı baxımından əsas töhfələrdən biri hesab etmək olar.

Azərbaycanda Fransız İnstitutunun icraçı direktoru Conatan Hakan Ünlü Frankofoniya Günlərinin hər il bütün dünyada, fransızdilli və fransız dilinin tədris edildiyi ölkələrdə, o cümlədən Azərbaycanda qeyd olunduğunu deyib. Bildirib ki, frankofoniyanın sahibkarlıq, rəqəmsal texnologiya və davamlı inkişaf sahələrində gənclərə dəstəyini gücləndirmək üçün builki Frankofoniya Günləri “Gələcəyin frankofoniyası” adı ilə təşkil olunub. Qonaq COVID-19 virusu ilə əlaqədar təxirə düşən Frankofoniya Günlərinin yenidən keçirilməsini ölkəmizin mədəni həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirib.

Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva Frankofoniya Günlərinə həsr olunmuş tədbirlərin əhəmiyyətinə diqqət çəkərək, bu cür addımların fransız dilinin tədrisi və təbliği işinə töhfələr verdiyini vurğulayıb.

Tədbir ədəbi-bədii çıxışlarla davam edib.

Alman və fransız dilləri kafedrasının müəllimi Azelma Həsənova Fransanın Sarbonna Universitetinin azərbaycanlı məzunu, Azərbaycanda ilk fransız dili müəllimi Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti haqqında məlumat verib, sonra görkəmli ədib və ictimai xadim haqqında sənədli film nümayiş olunub.

Tədbirdə Filologiya, Tarix, Biologiya, Sosial elmlər və psixologiya fakültələrinin tələbələri müxtəlif mövzularda çıxışlar edib, fransız dilində şeirlər səsləndirib, mahnı və rəqslər ifa ediblər, həmçinin fransız mətbəxinə dair təamlar nümayiş etdirilib.

Sonda Conatan Hakan Ünlü Alman və fransız dilləri kafedrasına kitablar hədiyyə edib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024