BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

17/04/2026

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalmada kiçik sürətlər zonasının öyrənilməsinin aktuallığı” mövzusunda elmi seminar keçirilib.

Seminar geofizika və seysmologiya sahəsində müasir çağırışları əhatə etməklə, şəhərsalma prosesində Yer təkinin fiziki xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini bir daha diqqət mərkəzinə gətirib.

Fakültə dekanı Mamoy Mansurov ölkəmizdə şəhərsalma siyasətinin elmi əsaslara söykənməsinin əhəmiyyətindən bəhs edib, xüsusilə seysmik baxımdan aktiv regionlarda təhlükəsiz və dayanıqlı tikinti işlərinin aparılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, müasir şəhərlərin planlaşdırılması yalnız memarlıq və dizayn yanaşmalarına deyil, geoloji və geofiziki tədqiqatların nəticələrinə əsaslanmalıdır.

Seminarın əsas məruzəçisi, Geologiya fakültəsinin Seysmologiya və Yer təkinin fizikası kafedrasının dosenti Əli Novruzov mövzu üzrə təqdimat edib. Məruzədə Yer təkinin quruluşu, seysmik dalğaların yayılma xüsusiyyətləri və bu dalğaların sürətində müşahidə olunan dəyişikliklərin mühəndis-geoloji baxımdan interpretasiyası izah edilib.

Bildirilib ki, seysmik dalğaların sürətinin azaldığı zonalar, yəni, kiçik sürətlər zonaları süxurların zəif mexaniki xüsusiyyətlərini, yüksək məsaməlilik və çatlılıq səviyyəsini, eləcə də su ilə doyma dərəcəsini əks etdirə bilər. Bu isə öz növbəsində həmin ərazilərdə tikinti işlərinin aparılması zamanı əlavə risklərin yaranmasına səbəb olur. Belə zonaların vaxtında aşkarlanması və xəritələşdirilməsi gələcəkdə baş verə biləcək deformasiyaların, çökmələrin və digər geodinamik proseslərin qarşısının alınmasında mühüm rol oynayır.

Məruzəçi qeyd edib ki, müasir geofiziki üsullar – seysmik tomoqrafiya, georadar tədqiqatları və digər innovativ yanaşmalar Yer təkinin daha dəqiq öyrənilməsinə imkan yaradır. Bununla yanaşı, böyük həcmli məlumatların emalı və təhlili üçün süni intellekt texnologiyalarının tətbiqi bu sahədə yeni perspektivlər açır və qərarvermə prosesinin səmərəliliyini artırır.

Müzakirələr zamanı şəhərsalma praktikasında geofiziki tədqiqatların tətbiqinin genişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və elmi-tədqiqat nəticələrinin istehsalata inteqrasiyası kimi məsələlər xüsusi diqqət ayrılıb.

 

Xəbərlər

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar

“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – Elmi seminar
17/04/2026

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur

BDU-da geodinamik proseslərin şəhərsalmaya təsiri tədqiq olunur
17/04/2026

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Özbəkistanın Buxara Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
16/04/2026