BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib
Bakı Dövlət Universitetində (BDU) Karyera və məzunlarla iş Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib. Tədbirin əsas məqsədi gənclərin şəxsi inkişaf imkanları, karyera planlaşdırılması və əmək bazarında uğur qazanmaq üçün vacib bacarıqlar barədə məlumatlandırılması olub.
BDU-nun Karyera və məzunlarla iş Mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova Mərkəzin tələbə və məzunların peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi layihələr, maarifləndirici tədbirlər, seminar və “workshop”lar, peşəkar bacarıqların inkişafına xidmət edən təlim proqramları haqqında ətraflı məlumat verib. Təqdimat zamanı tələbə və məzunların əmək bazarına daha hazırlıqlı daxil olmaları üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlər, təcrübə proqramları və karyera məsləhət xidmətləri xüsusi vurğulanıb.
GİKM-in Layihələrin və proqramların idarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova Mərkəzin fəaliyyəti, məqsədləri və gənclər üçün yaratdığı imkanlarla iştirakçıları tanış edib. Qeyd olunub ki, GİKM-in 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən gənclərin şəxsi inkişafını, karyera quruculuğunu və ictimai fəallığını dəstəkləmək məqsədilə müxtəlif təlimlər, seminarlar, təcrübə proqramları, forum və layihələr həyata keçirilir. Bu fəaliyyətlər gənclərin əlavə bilik və bacarıqlar qazanmasına, peşəkarlarla əlaqələr qurmasına və karyera seçimində düzgün istiqamətləndirilməsinə geniş imkanlar yaradır. Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti barədə məlumat verilib, fondun təqdim etdiyi layihə və qrant imkanları gənclərin diqqətinə çatdırılıb.
GİKM-in Layihələrin və proqramların idarəedilməsi şöbəsinin baş mütəxəssisi Ramilə El-oğlu gənclər üçün hazırlanmış “Şəxsi İnkişaf Kitabçası”nı təqdim edib. Bildirilib ki, kitabçada gənclərin özünü tanıması, karyera planlaması aparması, əmək bazarına hazırlıqlı olması və şəxsi bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı faydalı məlumatlar yer alır.
Sonda tələbələrin sualları cavablandırılıb, karyera planlaşdırılması ilə bağlı praktik tövsiyələr verilib.
![]()
![]()
![]()
![]()
