BDU-da GNSS üzrə birgə onlayn təlim uğurla başa çatıb
Bakı Dövlət Universiteti (BDU) ilə Tokio Universitetinin Məkan Məlumatı Elmləri Mərkəzi (Center for Spatial Information Science – CSIS) tərəfindən birgə təşkil olunan “GNSS Training” adlı beynəlxalq vebinar 7–11 oktyabr 2025-ci il tarixlərində uğurla keçirilib. Təlimin təşkilinə həmçinin Beynəlxalq Qlobal Naviqasiya Peyk Sistemləri Komitəsi (ICG) dəstək verib.
Üç gün davam edən onlayn təlim Qlobal Naviqasiya Peyk Sistemləri (Global Navigation Satellite Systems - GNSS) texnologiyalarının elmi və praktiki əsaslarına həsr olunub. Təlimdə BDU-nun müəllim və tələbələri, eləcə də müxtəlif ixtisas sahələrindən mütəxəssislər iştirak ediblər.
Təlim sessiyalarına Tokio Universitetinin CSIS üzrə aparıcı tədqiqatçısı Dineş Manandhar rəhbərlik edib. Dineş Manandhar GNSS texnologiyaları, mövqe dəqiqliyinin artırılması metodları, real vaxt naviqasiya sistemləri və peyk məlumatlarının emalı sahəsində beynəlxalq səviyyədə tanınmış mütəxəssisdir. O, uzun illərdir ki, GNSS tətbiqləri, o cümlədən RTKLIB proqram təminatı və yüksək dəqiqlikli mövqe hesablama üsulları üzərində elmi tədqiqatlar aparır. Dineş Manandhar həmçinin Asiya və Avropa ölkələrində müxtəlif universitet və elmi qurumlarla birgə layihələr həyata keçirərək GNSS texnologiyalarının tədrisi və praktik tətbiqlərinin genişləndirilməsinə töhfə verir.
Vebinarın proqramına aşağıdakı əsas mövzular daxil olub:
• GNSS sistemlərinin quruluşu, peyk siqnalları və koordinat sistemləri;
• Mövqenin dəqiqliyi, GNSS səhvləri və yüksək dəqiqlikli ölçmə üsulları (DGPS, RTK, PPP, MADOCA-PPP);
• RTKLIB proqram təminatı vasitəsilə GNSS məlumatlarının işlənməsi və analiz metodları;
• Real vaxt rejimində məlumat emalı və dəqiqlik müqayisələri.
Təlimdə iştirak edən mütəxəssislər və tələbələr həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazanıblar. Tokio və Bakıdan qoşulan təlimçilərin rəhbərliyi altında GNSS məlumatlarının emalı üzrə real vaxt təcrübəsi aparılıb.
Təlimin sonunda keçirilən müzakirələr zamanı iştirakçılar GNSS texnologiyalarının nəqliyyatın idarə olunması, erkən xəbərdarlıq sistemləri və ekoloji monitorinq sahələrində tətbiqi barədə fikir mübadiləsi aparıblar.
Təlimin uğurlu nəticəsi BDU-nun beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və müasir coğrafi informasiya sistemlərinin tədrisində yeni texnologiyaların tətbiqi baxımından mühüm addım olub.