BDU-da “Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı” mövzusunda elmi seminar

04/04/2023

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının nəzdində “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasında (ETL) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda türkologiyanın inkişafı” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli, İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müdiri, professor Abbas Abbasov, “Dədə Qorqud” və “Türkoloji araşdırmalar” ETL-in, Alman və fransız dilləri kafedrasının əməkdaşları, Tələbə Elmi Cəmiyyətinin üzvləri iştirak ediblər.

Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədli Ulu Öndər Heydər Əliyevin Azərbaycan elmi və təhsilinin tərəqqisi, xüsusilə filologiyanın inkişafı istiqamətində atdığı tarixi addımlardan, elm, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açıb, 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının tarixi-mənəvi əhəmiyyətini vurğulayaraq, bu yöndə təşkil olunan elmi tədbirlərin dahi şəxsiyyətin irsinin öyrənilməsinə böyük töhfə olduğunu diqqətə çatdırıb. Natiq bildirib ki, dahi liderin hakimiyyəti illərində ölkəmizin bütün sahələrində olduğu kimi, türkoloji düşüncənin inkişafı istiqamətində baş verən dirçəliş, türk xalqları ilə mənəvi-siyasi əlaqələrin qurulması böyük tarixi nailiyyətdir. Ümummilli Liderin siyasi-ideoloji fəaliyyətində türk dünyası məsələlərinin araşdırılması humanitar elmlərin aktual problemlərindən biridir.

Sonra “Türkoloji araşdırmalar” ETL-in elmi işçiləri - filologiya üzrə fəlsəfə doktorları Ramil Bayramov “Türk xalqları arasında mənəvi və mədəni əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu”, filologiya üzrə fəlsəfə doktoru Suqra Rəhmanova “Azərbaycanda türkoloji dilçiliyin tarixi”, Pərvin Eyvazov “Heydər Əliyev və müasir Azərbaycan türkologiyasında əsas hədəflər” mövzularında məruzələr ediblər. Məruzələrdə XX əsrin əvvəllərindən başlayaraq ölkəmizin türkoloji düşüncənin əsas mərkəzlərindən birinə çevrilməsindən, Heydər Əliyevin hakimiyyəti illərində aparılan mühüm türkoloji tədqiqatlardan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasının mənəvi-siyasi birliyinin möhkəmləndirilməsi yönündə atdığı tarixi addımların türkologiyanın inkişafına təsirindən bəhs olunub. Bildirilib ki, Azərbaycanda milli-ideoloji düşüncənin formalaşması, mənəvi dəyərlərimizin, tarixi köklərimizin tədqiqi və təbliği işinə hələ sovet dövrünün ən mürəkkəb illərində xüsusi diqqət ayıran Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi bütün sahələrdə olduğu kimi, filologiyanın, o cümlədən türkoloji düşüncənin inkişafına ciddi təsir göstərib. Bu mühüm addımlardan biri kimi BDU-da Türkologiya kafedrası yaradılıb və türk xalqlarının dillərinin, ədəbiyyatlarının öyrənilməsinə ciddi təkan verilib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, TÜRKSOY-un, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olub. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500, “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileylərinin UNESCO səviyyəsində keçirilməsi Ulu Öndərin adı ilə bağlıdır. Məruzələrdə həmçinin türkologiya sahəsində mühüm xidmətləri olan görkəmli azərbaycanlı alimlərin fəaliyyətindən, onların elmi yaradıcılığının dünya türkologiyasına təsirindən söz açılıb.

Sonra məruzələr ətrafında çıxışlar edilib, iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024