BDU-da “Hüquq elminin müasir problemləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib

23/04/2021

Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi və Konstitusiya hüququ kafedralarının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr edilmiş “Hüquq elminin müasir problemləri” mövzusunda onlayn Beynəlxalq elmi konfrans keçirilib.

Konfransın moderatoru Milli Məclisin üzvü, professor Ziyafət Əsgərov mütəmadi keçirilən elmi tədbirlər, bu tədbirlərin hüquq elminin inkişafına verdiyi töhfələrdən söz açıb.

Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev COVID-19 pandemiyasının təhsilə, eyni zamanda, elmi tədqiqatların aparılmasına təsirindən danışaraq müasir dünyada elm və texnologiya sahəsində baş verən inkişafın yeni təhsil ehtiyacları yaratmaqla yanaşı, müasir təhsil tətbiqlərinə yeni imkanlar açdığına diqqət çəkib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə demokratik və hüquqi dövlət quruculuğu istiqamətində görülən işlərdən bəhs edən rektor əlavə edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət təşkilatlarını hüquqşünas kadrlarla təmin edib. Hüquq fakültəsi respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev son illər Hüquq fakültəsində nəşr olunan nüfuzlu elmi jurnalların sayının artması, o cümlədən elmi tədqiqatlarda əldə edilən uğurlardan bəhs edərək məruzəçilərə və magistrant-tələbələrə konfransın işində aktiv iştiraklarına görə təşəkkür edib.

Konfransda Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova, Ankara Univeristetinin Hüquq fakültəsinin professoru Erkan Akdoğan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, O.E.Kutafin adına Moskva Dövlət Hüquq Univeristetinin Dövlət və hüquq tarixi kafedrasının müdiri, professor, əməkdar elm xadimi İqor İsayev, Azərbaycan Respublikasının Milli Məclisinin Aparatının rəhbəri Səfa Mirzəyev, Ukrayna Milli Aviasiya Akademiyasının professoru Arif Quliyev, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Cənub filialının Hüquqi Tədqiqatlar Mərkəzinin direktoru, professor Damir Şapsuqov çıxış ediblər. Çıxışlarda məhkəmə işlərinin elektron idarəedilməsi, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi, dövlətin əsas qanunu kimi konstitusiya anlayışı, Azərbaycan dövlətinin Konstitusiya statusu, məhkəmə hakimiyyətinin müstəqilliyi, hüquq və azadlıqların üstünlüyü prinsipi, insan və vətəndaşın hüquqi statusunun anlayışı və prinsipləri, insan və vətəndaşın əsas hüquq və azadlıqları: sosial-iqtisadi hüquqlar, yerli özünüidarəetmənin təminatlarının hüquqi əsasları, hüququn anlayışı – dövlət və hüququn qarşılıqlı əlaqəsi, hüquq münasibətləri, beynəlxalq iqtisadi hüququn dövlətdaxili hüquq ilə qarşılıqlı əlaqəsi, insan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsinin hüquqi tənzimlənməsi, fərdi məlumatların məxfiliyinin təmin edilməsi, elektron hökümətin hüquqi əsasları kimi mövzulardan bəhs olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024