BDU-da ilk dərs günündən 106 il ötür

15/11/2025

Bu gün Bakı Dövlət Universitetində (BDU) ilk dərs günündən 106 il ötür.

1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ictimai fikir tariximizdə, elmin və təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da, parlamentin 79-cu iclasında qəbul olunub.

Universitet Şurası 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibini təsdiq edib. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilib. Universitetin ilk rektoru Kazan Universitetinin professoru, məşhur cərrah Vasili İvanoviç Razumovski olub.

BDU bütün tarixi inkişafı boyu xalqımızın milli şüurunun formalaşmasında, ölkəmizdə elm və təhsilin inkişafında müstəsna rol oynayıb. Dövlət müstəqilliyimizin bərpasından sonra bu şərəfli missiya daha böyük uğurlarla və daha böyük miqyasda davam etdirilir.

BDU-nun inkişafında yeni və mühüm mərhələ, heç şübhəsiz, 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başladı. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşdi. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi Universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırdı. Universitetin 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Bu tarixi hadisənin, həmin dövrdə müdrik rəhbərin ali təhsil ocağına xüsusi diqqət və qayğısının sayəsində Universitet yenidən milli oyanışın mərkəzinə, müstəqilliyimizə gedən yolun carçısına çevrildi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. Ulu Öndər ənənələrə sadiqliyini bir daha nümayiş etdirərək Universitetin xeyirxahı və hamisi, eyni zamanda məzunu kimi qayğısını əsirgəmədi. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir.

Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətləri qeyd olunub. 100 illik yubiley mərasimində ölkə başçısının iştirakı və proqram xarakterli çıxışı Universitet kollektivinin qarşısında yeni hədəflər qoyub.

Bu gün Universitetimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlarını davam etdirir.

106 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yolda davam edir. BDU-da bu gün 25 mindən artıq tələbə təhsil alır. BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında Universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır.

Hazırda Universitetdə tədris tarixi ənənələrin və innovativ dünya təcrübəsinin vəhdəti şəklində həyata keçirilir, elmi-tədqiqat işlərinin məzmunu yenilənir, beynəlxalq akademik əlaqələr, eyni zamanda ölkədaxili əməkdaşlıq, xüsusilə sənaye müəssisələri ilə əlaqələr inkişaf etdirilir. Tələbələrin yüksək səviyyədə təhsil almaları, elmi-tədqiqata təşviq olunmaları və dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Tələbələr müxtəlif platformalarda Universitetin idarəçilliyinə cəlb olunur, tələbə təşkilatlarının rolu günbəgün artırılır.

Aparılan islahatlar tədris prosesinin, elmi-tədqiqatların keyfiyyətini artırır, eyni zamanda tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir. Bunun nəticəsisdir ki, professor-müəllim heyətimizin, tələbələrimizin uğurları ildən-ilə artır, Universitetimiz beynəlxalq reytinqlərdə daima öz mövqeyini yüksəldir.

Ötən tədris ilində BDU tələbələri bir sıra beynəlxalq tədbirlərdə, olimpiada və digər yarışlarda iştirak etmiş, mühüm nəticələrə nail olmuşdurlar. İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində tələbələrimiz öz təqdimatlarını uğurla nümayiş etdirib, Mexanika-riyaziyyat fakültəsinin tələbələri Vüqar Quliyev  və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında müvafiq olaraq I və III yerlərin, Biologiya fakültəsinin tələbələri Şahnaz Vəliyeva, Firuzə Məhərrəmova və Günay Fətəliyeva isə Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilən Biologiya üzrə Beynəlxalq Olimpiadada I və II yerlərin qalibləri olublar. Universitetimizin “ESST-6” komandası Türkiyədə keçirilən “TEKNOFEST-2024” Aerokosmik və Texnologiya Festivalında “E-tarım sulama” layihəsi ilə III yerə, “DAIGNOSIS” komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında ölkəmizi təmsil edən yeganə komanda kimi bu nüfuzlu yarışın beş qalibindən biri olmuşdur. Xüsusi vurğulamaq lazımdır ki, fəaliyyətə son illərdə başlamış və qısa müddət ərzində bir sıra mühüm nəticələr əldə etmiş BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi bütün bu proseslərdə aparıcı rol oynayır. Mərkəz tərəfindən həyata keçirilən “SuperCapBack hibrid batareya” və “Clean-Charge sürətli şarj stansiyası” layihələri 2024-cü il 13-15 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platformasında təqdim edilib, “BSU Creativity Workz” komandası 220 komanda arasından vəsiqə qazanan 8 komandadan biri olmuşdur. Layihə əsasında BDU-nun ərazisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi qurulmuşdur. Universitetimizin daha iki komandası bu ilin mart ayında nüfuzlu "International World Innovative Student Expo 2025" (IWISE) yarışmasında iştirak etmiş, "STAJ" komandası "Itech" kateqoriyası üzrə I, "TechTitans" komandası isə "Robotics" kateqoriyası üzrə II yerə layiq görülmüşdür.

2025-ci ildə Universitetin 16 tələbəsi ölkə başçısının imzaladığı müvafiq Sərəncamla Prezident təqaüdünə layiq görülüb. Ötən tədris ilində tələbələrimiz həmçinin bir sıra təqaüd proqramlarının qalibləri olublar. Belə ki, tələbələrimiz “PAŞA Holding”in “Əlaçı” təqaüdünün, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramının, “AzerGold”un “Təqaüd proqramı” müsabiqəsinin qalibləri olublar. Eyni zamanda ötən il BDU-nun 14 tələbəsinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdü verilib. 2025-ci ildə tələbə və məzunlarımız Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan ikinci “Maarifçi” tələbə-məzun təcrübə proqramında da uğurlu nəticələr göstəriblər. Bu proqramı müvəffəqiyyətlə bitirən 35 nəfərdən 12-si məhz BDU-nun tələbə və məzunu olub.

Bütün bunlar, əlbəttə ki, tələbələrimizi elmi-tədqiqat işlərinə və eləcə də innovativ tədrsis prosesinə daha da sövq edir. Tələbələrimizi elm və təhsilə həvəsləndirmək məqsədilə 2025-ci ildə BDU Elmi Şurasının qərarı ilə “Birincilik” adlı məqsədli təqaüd təsis olunub. 2025/2026-cı tədris ilindən etibarən “Birincilik” adlı məqsədli təqaüd Universitetə bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat olmaqla veriləcək.

Hazırda Universitetdə 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da bakalavriat səviyyəsində 77 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma və doktoranturada 123 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavr və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılmışdır. 2025/2026-cı tədris ilindən etibarən Sosial elmlər və psixologiya fakültəsində bakalavriat səviyyəsində “Xüsusi pedaqogika” ixtisası üzrə kadr hazırlığına başlanılması da bu baxımdan mühüm əhəmiyyət kəs edir.

BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında müvafiq iş aparılır, maraqlı sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər. Ötən il BDU-da dövlət gənclər siyasəti, Ulu Öndər Heydər Əliyev irsi və azərbaycançılıq ideyalarının öyrənilməsi, milli-mənəvi dəyərlərin təbliği və s. istiqamətlərdə ümumilikdə 900-dən artıq tədbir keçirilib.

Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbul ilə bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda ənənəvi olaraq yüksək nəticələr göstərir, eyni zamanda tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülür, təhsillərini xaricdə davam etdirmək imkanları qazanırlar. BDU məzunlarının xaricdə təhsil almaq imkanları ötən il də genişlənmiş, onlarla məzunumuz  magistratura və doktorantura səviyyələri üzrə dünyanın bir sıra nüfuzlu universitetlərinə qəbul olunublar. Xüsusi vurğulamaq lazımdır ki, Dövlət Proqramı çərçivəsində 2025/2026-cı tədris ili üzrə ümumilikdə 19 gənc dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alacaq ki, onlardan 5 nəfər məhz BDU məzunudur.  Bu Proqram çərçivəsində məzunlarımız müasir dünyada innovativ elmi istiqamətlər hesab edilən “Tibb mühəndisliyi”, “Yer elmləri”, “Kimya”, “Molekulyar biologiya” ixtisasları üzrə təhsil alacaq, tədqiqat işləri aparacaqlar.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində yeni müsbət tendensiya formalaşır. Son illərdə BDU-da yaradılmış Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar, Materialşünaslıq, Riyazi tədqiqatlar, Astrokosmik və atmosfer tədqiqatları, Bioloji antropologiya kimi yeni sənaye yönümlü elmi-tədqiqat laboratoriyaları, eləcə də Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun Biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi, Vergi hüququ və iqtisadi ekspertiza Mərkəzi artıq öz elmi nəticələrini verməkdədir.

Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet hədəflərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin “Quacquarelli Symonds” (QS) reytinq siyahısında ilk ən yaxşı 700 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Ötən tədris ilini isə BDU tarixində bu istiqamətdə ən mühüm nailiyyətlərin əldə edildiyi il kimi səciyyələndirmək olar. Məhz bəhs olunan dövrdə BDU dünya universitetlərinin QS reytinq siyahısında və eləcə də bir sıra reytinqlərdə göstəricilərini yüksəltməyə nail olub. BDU böyük uğura imza atmaqla “QS World University Rankings 2026”-da 688-ci mövqedə qərarlaşıb. Bu göstərici BDU-nun təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda lider mövqeyini ifadə edir.

2025-ci ildə bu istiqamətdə əldə edilmiş ən mühüm nailiyyətlərimizdən biri də –  “QS Stars” audit qiymətləndirilməsində BDU-nun 5 ulduza layiq görülməsidir. Bu mühüm nəticələr BDU-nun təhsil, elmi tədqiqatlar, akademik inkişaf, məzunların məşğulluq imkanları, infrastruktur və idarəetmə sahələrində beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Universitetimiz digər bir nüfuzlu təşkilatın – “Times Higher Education” (THE) agentliyinin tərtib etdiyi beynəlxalq reytinqdə də mövqeyini möhkəmlədib. Agentliyin açıqladığı “Impact Rankings 2025” nəticələrinə əsasən Universitetimiz qlobal miqyasda ilk 600 universitet arasında qərarlaşaraq 401–600 diapazonunda yer alıb. Bu, Universitetin ötənilki 1001–1500 diapazonundakı mövqeyi ilə müqayisədə əhəmiyyətli yüksəlişini nümayiş etdirir. BDU təbiət elmləri (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin “İxtisasların Reytinqi” (“Subject Rankings 2024”) siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir. 2025-ci ildə BDU həmçinin THE-nin tərtib etdiyi “İnterdisiplinar elm reytinqi 2025”-də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb. Eləcə də nüfuzlu “GreenMetric” reytinqində 1477 nüfuzlu ali təhsil müəssisəsi arasında 607-ci pilləyə yüksəlib. BDU həmçinin ilk dəfə olaraq "Şanxay reytinqi"ndə də yer alıb.

Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin dinamikası ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. “Clarivate Analytics” beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 73-ə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, 2023-cü ildə 52-yə, ötən il isə 67-yə bərabər olub. Hər bir əsərə edilən istinadların orta sayı 9.94-ə yüksəlib. Bu göstərici isə ötən il 8.53-ə bərabər idi. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4743 elmi əsər nəşr edilib. Müqayisə üçün ötən il bu göstərici 4436 elmi əsər təşkil edirdi. Bu əsərlərə 47000-dən çox istinad edilib. Yenə də müqayisə üçün bu rəqəm 2024-cü ildə 37000, 2023-cü ildə isə 29000 təşkil edirdi ki, bütün bunlar artan dinamikanı bir daha əyani şəkildə nümayiş etdirir. Yalnız ötən il nəşr edilmiş elmi əsərlərə 8646 istinad olunub. Qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında lider mövqeyə sahibdir.

Ötən tədris ilində BDU beynəlxalq reytinqlərdə göstəricilərini daha da yaxşılaşdırmaq məqsədilə xaricdə bu istiqamətdə təşkil olunan bir sıra mühüm tədbirlərdə, o cümlədən İngiltərənin Mançester şəhərində nüfuzlu THE reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində (World Academic Summit),  Əl-Fərabi adına Qazax Milli Universitetində “QS” Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə keçirilən “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”-də, Sinqapurda QS Agentliyinin təşkilatçılığı ilə keçirilən “EduData Summit - 2025”-də, Cənubi Koreyanın paytaxtı Seulda keçirilən “QS Higher Ed Summit: Asia Pacific 2025” tədbirində təmsil olunub. Bu istiqamətdə həyata keçirilən fəaliyyətdə əsas məqsəd dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi üçün təcrübə mübadiləsinin həyata keçirilməsi, yeni birgə layihələrin müzakirəsinin aparılmasıdır.

Bütün bunlar kollektivimizin birgə, yüksək səylə çalışması nəticəsində əldə etdiyi uğurlardır. Əminik ki, bu nəticələr ildən-ilə daha da yüksələcəkdir. Bu uğurlar universitetimizdə müasir tələblərə uyğun elmi-tədqiqat mühitini inkişaf etdirir, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına şərait yaradır.

Ötən tədris ilində də BDU-nun beynəlxalq əməkdaşlıq strategiyası uğurla inkişaf etdirilib. BDU ilə Türkiyə, Pakistan, Çin, Malaziya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Belarus, Bolqarıstan və s. ölkələrin nüfuzlu universitetləri ilə əlaqələr qurulub. Hazırda 50-dən çox ölkənin 180-dən artıq universiteti ilə əməkdaşlıq edirik.

BDU xarici universitetlərlə birgə beynəlxalq elmi tədbirlərin təşkilinə də üstünlük verir. Ötən tədris ilində BDU bir sıra beynəlxalq tədbirlərə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP-29) çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində “İqlim fəaliyyəti üçün tədqiqat və əməkdaşlığın sürətləndirilməsi” mövzusunda Beynəlxalq elmi konfransa, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə keçirilmiş “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransa, Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda Beynəlxalq konfransa, Türkiyə və Özbəkistan universitetləri ilə birgə təşkil olunmuş III Beynəlxalq “Ənənədən gələcəyə informasiya və sənəd menecmenti” Simpoziumuna,  BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2025”-ə və digər mühüm strateji əhəmiyyət daşıyan tədbirlərə ev sahibliyi edib.  Eləcə də 2025-ci ildə BDU ilə “Bayraktar Texnologiya Azərbaycan” MMC və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRSKOY) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

BDU nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı da özünün prioritetlərindən hesab edir. 2024/2025-ci tədris ilində BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının (The Association for the Advancement of Sustainability in Higher Education - AASHE), İnnovasiya üçün Qlobal Universitetlər Şəbəkəsinin  (The Global University Network for Innovation - GUNI), Beynəlxalq Təhsilverənlər üçün İqlim Fəaliyyəti Şəbəkəsinin (The Climate Action Network for International Educators – CANIE) və Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinin (International Sustainable Campus Network – ISCN) üzvü seçilib.

BDU beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sosial missiyasına müvafiq olaraq onun cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlər görülüb,  Universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilmiş, birgə sosial layihələrin sayı artırılıb. Dövlət və qeyri-hökumət təşkilatlarının, iri beynəlxalq və özəl şirkətlərin öz sosial layihələrini təqdim etdiyi platformaya çevrilməsi məqsədilə tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilib,  Universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilib.

Dövlət və özəl müəssisələrlə əməkdaşlıq bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Son illər BDU ilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti, AMB Milli Depozit Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan Milli Kitabxanası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Sosial Xidmətlər Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Təhsilin İnkişafı Fondu və s. təşkilatlar arasında müvafiq memorandumlar, müqavilələr imzalanıb.  Bu əməkdaşlıqlar çərçivəsində ötən tədris ilində BDU-da Azərbaycan Milli Kitabxanasının, Medianın İnkişafı Agentliyinin, “Xalq qəzeti”nin xüsusi auditoriyaları istifadəyə verilmişdir. BDU və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə tərəfdaşlığı ilə Universitet ərazisində elektromobillərin bərpa olunan enerji hesabına elektrik enerjisi ilə doldurulmasını təmin edən EkoEnerji Məntəqəsi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ilə birgə Universitetin həyətində “Tələbə məkanı”, dövlət-özəl tərəfdaşlığı çərçivəsində “EKO MƏKAN” açılıb.

Ötən il BDU kollektivi və tələbələri Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq bu istiqamətdə öz fəaliyyət istiqamətini müəyyənləşdirmiş, Universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar bir sıra tədbirlər, layihələr həyata keçirilmişdir. Ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman fəal iştirakı ilə seçilən BDU kollektivi və tələbələri "Yaşıl dünya naminə həmrəylik ili"ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP-29) ölkəmizdə keçirilməsi prosesində fəal iştirak edib. Bu tədbirlər çərçivəsində BDU-nun həmtəşkilatçılığı ilə “Yaşıl Dialoq: İnnovasiya və Beynəlxalq Əməkdaşlıq Platforması” layihəsi, “COP29 həftəsi” keçirilmiş, müxtəlif maarifləndirmə tədbirləri, seminar və yarışlar təşkil olunmuş, Azərbaycan Mətbuat Şurası ilə birgə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu təşkil olunmasında iştirak edən 537 tələbəmizin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib, onlar təşəkkürnamə və pul mükafatı ilə təltif olunublar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər, bir gündən də az davam etmiş lokal antiteror əməliyyatlarında əldə edilmiş tarixi nailiyyət, postmüharibə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri, soydaşlarımızın illər sonra öz yurdlarına əbədi qayıdışı hər birimizdə sonsuz qürur və xoşbəxtlik hissləri yaradır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi hər bir soydaşımız kimi BDU ailəsinin bütün üzvləri tərəfindən böyük rəğbət və ehtiram hissləri ilə qarşılanıb. BDU Elmi Şurasının qərarı ilə “Konstitusiya və Suverenlik İli” ilə bağlı Tədbirlər Planı hazırlanıb, hazırda müxtəlif istiqamətlərdə bu Plana uyğun fəaliyyət həyata keçirilir.

BDU kollektivi Vətən müharibəsindəki tarixi Zəfərimizin 5-ci ildönümünü qeyd etdiyimiz günlərdə müstəqil, qüdrətli, ərazi bütövlüyünü, suverenliyini, konstitusiya quruluşunu bərpa etmiş qalib dövlətimizə, dövlət başçımızın müdrik siyasətinə xidmət göstərməyi hər zaman olduğu kimi bir daha özünün ən ali vəzifəsi hesab edir.

Əminik ki, Ulu Öndərimiz Heydər Əliyevin hər zaman yüksək dəyər verdiyi, məzunu olmağı ilə fəxr etdiyi BDU möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən bəhrələnərək, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mənəvi dəyərlərə söykənən, müasir dövrün tələblərinə və qalib, qüdrətli Azərbaycan dövlətinin milli maraqlarına cavab verən kadrlar hazırlamaq missiyasını şərəflə davam etdirəcək.

Xəbərlər

BDU-da ilk dərs günündən 106 il ötür

BDU-da ilk dərs günündən 106 il ötür
15/11/2025

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Universitet şurasının sədri ilə görüşüb

BDU nümayəndə heyəti Çinin Anhui Universitetinin Universitet şurasının sədri ilə görüşüb
15/11/2025

BDU əməkdaşlarının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub

BDU əməkdaşlarının “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” adlı dərs vəsaiti nəşr olunub
14/11/2025