BDU-da “Çin dili körpüsü” müsabiqəsinin yekun mərhələsi keçirilib
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkil etdiyi 14-cü ümumdünya “Çin dili körpüsü” tələbə müsabiqəsinin ilk dəfə Azərbaycan üzrə keçirilən mərhələsinin yekun turu baş tutub. Tədbiri giriş nitqi ilə açan rektorun ümumi məsələlər üzrə müşaviri, professor İsmayıl Əliyev bildirib ki, müsabiqənin əsas məqsədi Azərbaycan gəncləri arasında çin dilinə marağı artırmaq, onların çin dili və mədəniyyətini daha dərin mənimsəmələrinə imkan yaratmaqdır. Tədbirdə Dövlət İdarəçilik Akademiyasının prorektoru professor Əlikram Abdullayev, Konfutsi İnstitutunun Çin tərəfindən direktoru dosent Hu Fenhua, Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru dosent Oqtay Cəlilbəyli, Çinin Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Yü Honqçı da çıxış ediblər.
Müsabiqə iki mərhələdə keçirilib. İlkin mərlənədə155 tələbə iştirak edib, yazılı imtahanda yüksək nəticə əldə edən 15 nəfər ikinci turda iştirak hüququ qazanıb. Müsabiqənin yekun mərhələsində iştirakçılar Çinin mədəniyyəti və tarixi ilə bağlı sualları cavablandırıb, Çin dilində mahnı və rəqslər ifa ediblər.
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbəsi Katana Qafarova “Çinin çay mərasimi” mövzusunda çıxışı yuxarı kurslar üzrə birinci yerə layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən qalib Çinin paytaxtı Pekində keçiriləcək 14-cü ümumdünya “Çin dili körpüsü” müsabiqəsində ölkəmizi təmsil edəcək. Aşağı kurslar üzrə birinci yerə layiq görülmüş həmin fakültənin tələbəsi Mədinə İsayeva isə müsabiqəni Pekində seyr etmək imkanı qazanıb. Digər laureatlar BDU-nun nəzdindəki Konfutsi İnstitutunda ödənişsiz çin dilini öyrənmək imkanı qazanıblar.
Qeyd edək ki, “Çin dili körpüsü” müsabiqəsi ilk dəfə 2003-cü ildə keçirilib. Hər il bu müsabiqədə 70-dən çox ölkədən tələbələr iştirak edirlər. Bakıda ilk dəfə keçirilən müsabiqənin qalibi Pekində Azərbaycanı layiqincə təmsil edəcəyinə ümidedək.
Mətbuat və informasiya şöbəsi, 04 may 2015-ci il.