BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Respublika elmi konfransının açılış mərasimi
Bakı Dövlət Universitetində (BDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikasının kontitusiyası – Dövlətçiliyimizin tarixi, hüquqi və siyasi-iqtisadi əsası kimi” mövzusunda Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Tədbirdən əvvəl BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Ulu Öndərin məzarı önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad olunub.
Konfrans BDU-nun akt zalında davam edib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar müasir çağırışlar fonunda dövlətçiliyimizin hüquqi əsaslarının yenidən qiymətləndirilməsi, suverenlik konsepsiyasının daha dərindən öyrənilməsi üçün geniş imkanlar açır. Müstəqil Azərbaycanın Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi ilə qəbul edilib. Bu sənəd təkcə hüquqi mətn deyil, həm də müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi yolunda dönüş nöqtəsi olub. Konstitusiyamız insan hüquq və azadlıqlarını ali dəyər kimi təsbit, hakimiyyət bölgüsünü, dövlət quruluşunu və cəmiyyətin əsas prinsiplərini müəyyən edir. XXI əsrin reallıqları suverenlik məfhumuna yeni məzmun gətirib. Bu gün suverenlik siyasi sərhədlərlə yanaşı, iqtisadi, texnoloji və elmi suverenlik, infomasiya və kiberməkanda suverenlik, mədəni suverenlik və identiklik kimi sahələri də özündə birləşdiriir. Azərbaycan son illərdə məhz bu istiqamətlər üzrə öz suverenliyini daha da gücləndirib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi isə bu prosesin ən mühüm tarixi nəticəsi oldu. 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər və 2023-cü ildə heç bir gün belə çəkməyən lokal antiterror tədbirləri ilə Azərbaycan dövlətinin ərazi bütövlüyü və konstitusion hakimiyyəti tam şəkildə bərpa olundu. Ölkəmizin hər bir qarışında Azərbaycan Respublikasının Konstitusiyasının tətbiqi təmin olundu.
Rektor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və onun hazırladığı konstitusion model Azərbaycan dövlətinin siyasi sabitliyinin, hüquqi sisteminin və idarəetmə strukturunun təməlini təşkil edir. Bu gün həmin xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə daha da inkişaf etdirilir. Dövlət idarəçiliyində institusional modernizasiya, hüquqi islahatlar, insan hüquqlarının müdafiəsi və milli maraqlara əsaslanan suveren siyasət bu prosesin davamıdır. Bakı Dövlət Universitetinin bu istiqamətdə rolu da xüsusi qeyd olunmalıdır: “Universitet minlərlə hüquqşünasın, dövlət xadiminin, diplomatın, tarixçinin, iqtisadçının və digər sahələr üzrə tədqiqatçıların yetişdiyi məktəbdir. Burada aparılan elmi araşdırmalar, konstitusiya hüququ üzrə təhlillər, dövlət suverenliyinə dair multidissiplinar layihələr ölkənin elmi-intellektual potensialına mühüm töhfə verir. Konstitusiya və suverenlik kimi mürəkkəb, fundamental və strateji anlayışların müzakirə edildiyi belə tədbirlər məhz gənclərin dünyagörüşünü genişləndirməyə, elmi təfəkkürünü dərinləşdirməyə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin “yol xəritəsi”, suverenliyimizin hüquqi çərçivəsidir. Bugünkü konfrans bu sənədin mahiyyətini daha dərindən anlamağa, onu elmi və praktik prizmadan yenidən qiymətləndirməyə imkan verəcək”.
Milli Məclis sədrinin müavini, BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov BDU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfransın keçirilməsinin Azərbaycanın son 30 il ərzində konstitusion inkişaf yoluna nəzər salınması baxımından mühüm addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanda dövlət hüququ anlayışı məhz 1993-cü ildə Ümummilli Liderin hakimiyyət gəlməsindən sonra və ilk milli Konstitusiyanın qəbulu ilə bərqərar olunmağa başlayıb. Ziyafət Əsgərov diqqətə çatdırıb ki, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı 2002, 2008 və 2016-cı illərdə Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklər edilməsi üçün referendumlar keçirilib.
Ədliyyə nazirinin müavini Abiddin Hüseynov isə bildirib ki, ölkəmizin suverenliyinin bərpasından sonra Azərbaycan Konstitusiyasının normaları yeni məzmun kəsb etməyə başlayıb: “Konstitusiya prinsipləri dövlət hakimiyyətinin legitim əsasları kimi çıxış edir. Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarını, sosial ədalət prinsiplərini qorumaqla yanaşı, beynəlxalq hüquq normalarına, milli dövlətçilik fəlsəfəsinə əsaslanır”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova, Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Məhkəmə-Hüquq Şurasının Aparatının rəhbəri Kərəm Mansurov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov, Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev çıxışlarında konfansın Konstitusiya quruculuğu və hüquq elminin inkişafına mühüm töhfə verəcəyini bildirib, tədbirin işinə uğurlar arzulayıblar.
Konfrans bölmə iclasları ilə işini davam etdirir.
.jpg)
.jpg)
.jpg)
.jpg)












