BDU-da “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq yay məktəbinin açılış mərasimi
Bu gün Bakı Dövlət Universiteti (BDU) və “Volkswagen” Fondunun birgə təşkilatçılığı ilə “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq yay məktəbinin açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın qorunması uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan və BDU haqqında videoçarxlar nümayiş etdirilib.
Beynəlxalq tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, Azərbaycanın ən qədim Universitetində keçirilən bu cür mötəbər yay məktəbinin məqsədi müasir kvant elminin qabaqcıl ideyalarını, yeni nəticələrini, mövcud problemlərini və inkişaf perspektivlərini, kvant texnologiyalarında mümkün tətbiqləri tələbələrə çatdırmaqdır. Azərbaycanda dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizin davamlı inkişafı, iqtisadi, siyasi və hərbi qüdrəti təhsilin keyfiyyəti və səviyyəsi, həmçinin ölkənin elmi potensialı və bu sahələrdəki uğurları ilə bilavasitə bağlıdır. Hazırda BDU-da 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 20 elmi-tədqiqat laboratoriyası, Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 lisey fəaliyyət göstərir. BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun kreativ düşüncəli mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, Fransa, İsrail, İsveç, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl 10 universitet və institutu ilə bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 9 beynəlxalq ikili diplom proqramını tətbiq edir. Yeni yaradılmış Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində BDU tələbələrinin bilavasitə iştirakı ilə müxtəlif layihələr həyata keçirilir. Təsadüfi deyil ki, BDU-nun sənaye müəssisələri ilə əlaqələrinin inkişafı nəticəsində son 3 ildə 50-yə yaxın yerli və beynəlxalq qrant və müqavilə əsaslı elmi-tədqiqat layihələri həyata keçirilib, 100-dən çox tələbə, doktorant, gənc tədqiqatçı layihələrdə təmsil olunub.
“Clarivate Analytics” şirkətinin InCites qiymətləndirmə sisteminin nəticələrinə görə, 2017-2021-ci illərdə Azərbaycanda çap olunmuş elmi işlərin ümumi sayında BDU-nun payı 20%, Azərbaycan Respublikasının bütün ali məktəblərində çap olunan elmi nəşrlərdə isə 43% təşkil edir. BDU-nun Hirş indeksi artıq 53-dür və hər bir əsərə istinadların orta sayı 6.2-yə yüksəlib. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ötən il BDU Azərbaycandan yeganə universitet olaraq “Times Higher Education” beynəlxalq reytinqinə daxil edilib. Fizika-kosmos elmləri sahəsi BDU-nun təbiət elmləri sahəsində 5 prioritetinə daxildir. Hazırda BDU-nun elmi-tədqiqat institutlarında və Mükəmməllik Mərkəzində fizika üzrə elmi fəaliyyət üçün lazımi infrastruktur yaradılır. BDU-nun əsas missiyası tələbələrin mürəkkəb problemlərin həllinə innovativ və yaradıcı yanaşmalarına imkan verəcək "Tədqiqat Universiteti" kontekstində təhsil və elmi tədqiqatların yenidən formalaşdırılmasıdır.
Hüseyn Məmmədov 10 gün davam edəcək yay məktəbinin iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra AMEA-nın həqiqi üzvü Nazim Məmmədov magistrant, doktorant və gənc tədqiqatçılar üçün təşkil olunan yay məktəbinə dünyanın 20-dək ölkəsindən müvafiq sahə üzrə tanınmış alim və mütəxəssislərin cəlb olunduğunu qeyd edib. Bu sahə üzrə tədbirlərin müxtəlif illərdə, müxtəlif ölkələrdə keçirildiyini vurğulayan Nazim Məmmədov kvant fizikasının çox geniş imkanlara malik olduğunu, yay məktəbində təqdim olunan mövzuların bu sahənin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
Sonra Almaniyanın Dortmund Texniki Universitetinin professoru Dieter Suter, Gürcüstanın Tbilisi Dövlət Universitetinin professoru Georgi Caparidze və Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulov təbrik nitqi söyləyiblər.
Yay məktəbi işini sessiya iclaslarında davam etdirib.
Elm və Təhsil Nazirliyinin tabeliyində Fizika İnstitutunun professoru Elçin Cəfərovun “An Exact Solution To The Non-Rectangular Quantum Well Nanostructures Exhibiting Asymmetrical Confinement Effect” mövzusunda məruzəsi maraqla qarşılanıb.
Tədbir çərçivəsində, həmçinin BDU üçün xüsusi maraq kəsb edən tədqiqat nəticələrinə diqqət yetiriləcək, beynəlxalq koordinasiya və əməkdaşlıq yeni müstəvidə genişləndiriləcək.
Yay məktəbində 40-dək məruzə dinləniləcək. Sonda iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsi məqsədilə final tapşırıqları ediləcək. Məktəbi uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.