BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində 2026/2027-ci tədris ilindən magistratura səviyyəsində iki yeni ixtisaslaşma - “Kompozit materiallar” və “Mexatronik modullar” üzrə peşəkar mütəxəssislər hazırlanacaq.
Müasir elm və texnologiyanın inkişaf tendensiyalarına uyğun olaraq yaradılan bu ixtisaslaşmalar yüksəkixtisaslı mühəndis və tədqiqatçı kadrların hazırlanmasına xidmət edir.
“Kompozit materiallar” ixtisaslaşması müasir mexanika və materialşünaslıq elmlərinin kəsişməsində formalaşan istiqamət olub, yeni nəsil materialların mexaniki davranışının, möhkəmlik və dayanıqlıq xüsusiyyətlərinin nəzəri və eksperimental üsullarla öyrənilməsini əhatə edir. Tədris proqramında kompozit materialların mexanikası, elastiklik və plastiklik nəzəriyyələri, sonlu elementlər metodu, hesablama mexanikası və kompüter modelləşdirilməsi kimi fənlər yer alır. Magistrantlar aerokosmik sənaye, energetika, nəqliyyat, tikinti və yüksək texnologiyalar sahələrində tətbiq olunan kompozit materialların xüsusiyyətlərini araşdırmaq və yeni material sistemlərinin hazırlanması istiqamətində elmi-tədqiqat işləri aparmaq imkanı əldə edəcəklər.
“Mexatronik modullar” ixtisaslaşması isə mexanika, elektronika, avtomatika, informasiya texnologiyaları və idarəetmə sistemlərinin inteqrasiyasına əsaslanır. Proqram çərçivəsində magistrantlara mexatronik sistemlərin quruluşu, sensor və aktuator texnologiyaları, mikroprosessor sistemləri, sənaye avtomatlaşdırılması, robototexnika və rəqəmsal idarəetmə sistemləri sahəsində fundamental və tətbiqi biliklər veriləcək. Təhsil müddətində tələbələr müasir proqram təminatları və texnoloji platformalar vasitəsilə real mühəndislik problemlərinin həllinə yönəlmiş layihələr həyata keçirəcəklər.
Hər iki ixtisaslaşmada magistrantların elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, müasir laboratoriya avadanlıqları və proqram komplekslərindən istifadə etməklə innovativ layihələrdə iştirak etməsi nəzərdə tutulur. Tədris prosesi tələbələrin həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Yeni ixtisaslaşmaların əsas məqsədi müasir mühəndislik və yüksək texnologiyalar sahəsində mürəkkəb problemləri həll etmək, innovativ layihələr hazırlamaq və elmi-tədqiqat fəaliyyəti aparmaq bacarığına malik peşəkar mütəxəssislər yetişdirməkdir.
Məzunlar gələcəkdə elmi-tədqiqat institutlarında, ali təhsil müəssisələrində, sənaye və mühəndislik müəssisələrində, avtomatlaşdırma və robototexnika şirkətlərində, layihə-konstruktor təşkilatlarında, eləcə də yüksək texnologiyalar sektorunda uğurla fəaliyyət göstərə biləcəklər.
