BDU-da Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə ədəbi-bədii tədbir
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr edilmiş "Rindi-şeyda" adlı ədəbi-bədii tədbir keçirilib.
Elmi Kitabxananın direktoru Nigar İsmayılova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 yanvar 2024-cü ildə Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının ölkə rəhbərinin mütəfəkkir şairin yaradıcılığına verdiyi yüksək qiymət olduğunu bildirib. O qeyd edib ki, Füzulinin yubileyinin UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illik yubileyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub.
Elmi Kitabxananın baş biblioqrafı, “Azərbaycan Milli İnkişafı Naminə” (AMİN) İctimai Birliyinin sədri, şair, tədqiqatçı Məcid Heydərli (Seyyid Əsri) klassik ədəbiyyatın təbliği ilə bağlı layihələri haqqında məlumat verib, ““Leyli və Məcnun” poemasında məsum eşq” mövzusunda mühazirə edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı Rasim Qədirov Füzuli yaradıcılığında riyakarlığın tənqidi, Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin əməkdaşı, İctimai Birliyin nəzdində “Vəfa” ədəbi məclisinin sədri, şair, tədqiqatçı Məhəmməd Nuri dahi şairin əsərlərində qədim türk kəlmələri barəsində məruzə ediblər.
Tədbirin bədii hissəsində İctimai Birliyin üzvləri, gənc şairlər - BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi İmran Beyti, Tələbə Gənclər Təşkilatının İnformasiya və sənəd menecmenti fakültəsi üzrə sədri Sənan Məsihi və Filologiya fakültəsinin tələbəsi Məcid Dövri Füzuli qəzəllərinə yazdıqları təzmin-nəzirələri ifa ediblər.
İnformasiya və sənəd menecmenti fakültəsinin tələbəsi Tofiq Əlizadə, Tarix fakültəsinin tələbəsi Lamiyə Kamallı, Filologiya fakültəsinin tələbələri Səyahət Məhərrəmova və Hümbət Bədəlov böyük şairin şeirlərini səsləndiriblər.
Elmi Kitabxana əməkdaşlarının, həmçinin Məhəmməd Füzuli yaradıcılığı ilə maraqlanan tələbə və müəllimlərin iştirakı ilə keçirilən tədbirdə şairin əsərlərindən ibarət kitab sərgisinə baxış olub.