BDU-da Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

14/06/2012

Bu gün Bakı Dövlət Universitetində Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 19 il bundan əvvəl xalqımız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına nail ola bildi, o, isə öz növbəsində Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardı və xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi. Dağlıq Qarabağ problemindən də danışan rektor bildirib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi kurs xalqımızı çox uzaq olmayan gələcəkdə bu problemdən də qurtaracaq və biz Qurtuluş Gününü daha böyük sevinc və fərəhlə qeyd edəcəyik: «Tarix göstərir ki, bütün böyük problemlərin həlli qısa zaman kəsiyində baş vermir. Onun həlli üçün bütün xalq mütəşəkkil formada mübarizə aparmalıdır. Bu baxımdan Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkə başçısının apardığı məqsədyönlü və ardıcıl siyasəti yerlərdə hər bir azərbaycanlı daxili problemi hiss etməli və onun həlli üçün çalışmalıdır. Güman edirəm ki, bu gün BDU-nun təşəbbüsü ilə Fransada çap olunub ərsəyə gələn və fransız dilində dünya ictimaiyyətinə təqdim olunan Holland mənşəli hərbi müxbir Çarlz Van der Leunun «Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə» kitabı bu istiqamətdə atılmış addımlardan biridir».

Kitab haqqında məlumat verən rektorun sözlərindən məlum olub ki, Çarlz Van der Leu 1952-ci ildə iyulun 18-də anadan olub, fransız dilində klassik Avropa təhsili aldıqdan sonra 1977-ci ildən müstəqil jurnalist kimi fəaliyyətə başlayıb, 1986-cı ildə İran-İraq müharibəsi haqqında «Qolfda müharibə» adlı kitabından sonra məşhurlaşıb. 1987-1990-cı illərdə Çarlz Van der Leu Beyrut radiosunda işləməyə başlayıb və Livan vətəndaş müharibəsi haqqında açıqlamalar verib. Həddindən artıq açıq və sərt çıxışlarına görə oğurlanıb və iki il həbsxana həyatı keçirib. Azadlığa çıxdıqdan sonra «Livan-günahsız müqəssir» adlı kitabını buraxıb, daha sonra 2 il Madriddə müxbir kimi işləyib. Nəhayət, 1992-ci ildə Azərbaycana gəlib, 7 il burada yaşayıb. Bu illər ərzində «Azərbaycan: şəxsiyyət axtarışında» (ingilis dilində), «Qafqazda fırtına» (ingilis və alman dillərində), «Qafqazda və Xəzərdə neft və qaz: tarix» (ingilis dilində) kitablarını yazıb. Sonuncu analitik kitabı olan «Dağlıq Qarabağ: dünyanın unutduğu müharibə» əsərini Çarlz hələ 2003-cü ildən yazmağı planlaşdırıb. Özünün yazdığına görə, fransız dilində Dağlıq Qarabağla əlaqədar heç bir obyektiv məlumat əldə edə bilmədiyinə görə müxtəlif çoxsaylı ədəbiyyatlara müraciət etməli olub.

Müəllif kitabın ön sözündə qeyd edir ki, fransız dilində rast gəldiyi və açıq-aşkar erməni lobbisinin təsiri altında birtərəfli işıqlandırılan Qarabağ tarixinin əslində çox maraqlı və dünyaya təqdim olunduğundan fərqli tarixi vardır.

Azərbaycan tarixi haqqında qədim və müasir alimlərin əsərlərini diqqətlə araşdıran, yalnız azərbaycanlı və erməni müəlliflərinin deyil, həm də Avropalı tarixçilərin əsərlərini oxuyan Çarlz Van der Leu Azərbaycanda olduğu illər ərzində müxtəlif adamlardan götürdüyü müsahibələri, çəkdiyi şəkilləri, cəbhə xəttində görüşdüyü insanları, şahidi olduğu hadisələri ümumiləşdirərək bu kitabı yazmaq qərarına gəlib. Müəllif ön sözdə yazır: “güman edirəm ki, bu kitab hələ də davam edən münaqişənin həllinə kömək etmək istəyənlərə öz töhfəsini verəcəkdir. Bu faciəvi münaqişənin pərdəarxası hadisələrini düzgün başa düşməyə köməklik göstərəcəkdir”.

Rektor bildirib ki, bu kitabla tanış olarkən burada avropalı müəllifin obyektiv yanaşmasının şahidi olduq. Fransa lobbisinin təsiri altında yazan bir çox müəlliflərdən fərqli olaraq Çarlz Van der Leu Qarabağ hadisələrinə, onun tarixinə real yanaşıb, münaqişəni hərtərəfli və obyektiv işıqlandırmağa çalışıb. Məhz bu keyfiyyət diqqətimizi cəlb etdiyindən, kitabın çapı haqqında qərara gəlmişik. Geniş müzakirələrdən sonra kitabın təsir qüvvəsinin daha effektli alınması üçün onun fransız dilində və erməni lobbisinin güclü fəaliyyət göstərdiyi, buna görə də, heç də həmişə Dağlıq Qarabağ hadisələrinə obyektiv yanaşmağı bacarmayan Fransada çap etmək qərarına gəldik.

Rektor bu məsələdə köməklik göstərən bütün insanlara, böyük sifarişləri olmasına baxmayaraq, universitetin xahişin qısa müddətdə yerinə yetirən L.Harmattan nəşriyyatına, Parisdə fəaliyyət göstərən Şərq dilləri və mədəniyyətləri institutunun prezidenti Jak Leqrana təşəkkürlərini çatdırıb. Sonda deyib ki, çox qısa müddətdə çapa hazırlayaraq nəşr edilmiş bu kitab vasitəsilə Qarabağ həqiqətlərinə bir qədər də aydınlıq gələcək, xalqımızın üzləşdiyi bu ədalətsiz münaqişə haqqında, nəhayət Avropa ölkələrində ədalətli münasibət görəcəyik.

Rektor Abel Məhərrəmov həmçinin alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti - hüquqi araşdırmalar” kitabı haqqında da danışıb. Məlum olub ki, həmin kitab bu ilin əvvəllərində BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunub. Kitabda Dağlıq Qarabağ probleminin hüquqi analizi verilib, bu münaqişənin obyektiv təhlili aparılıb ki, bu gün həmin kitabın dünyanın 3 aparıcı dilində - alman, ingilis və rus dillərində olan variantları hazırdır: “Biz çalışacağıq ki, həm Çarlz Van der Leunun, həm də Heiko Krügerin kitabları dünyanın bir çox dillərində çap olunsun və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsın. Uzun müddət informasiya blokadasında dondurulmuş Qarabağ həqiqətlərini dünya xalqlarına çatdırmaq üçün biz bütün vasitələrindən istifadə edəcəyik. Biz bu sahədə araşdırmalarımızı davam etdiririk. Beynəlxalq aləmdə bu konfliktlə bağlı xarici müəlliflərin çap olunmuş kitablarını, əlbəttə, həqiqəti qələmə alanları müxtəlif dillərdə çap edib bu barədə indiyədək olan yalan məlumatlar şəbəkəsinə sarsıdıcı təsirimizi göstərəcəyik. Mən hesab edirəm ki, belə yanaşma hər kəsin vətəndaşlıq borcudur və Qurtuluş gününə ən gözəl hədiyyədir”.

Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Qurtuluş günündən, təqdim olunan kitabların əhəmiyyətindən danışıb xalqımızı bu əziz gün münasibətilə təbrik edib.

Akademik Vasim Məmmədəliyev, millət vəkili Musa Qasımlı da Qurtuluş günü və kitablarla bağlı fikirlərini bölüşüblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 14 iyun 2012-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024