BDU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

13/06/2024

Bakı Dövlət Universitetində (BDU) 15 İyun – Milli Qurtuluş Gününün 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə BDU-da Ulu Öndərin büstü önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsində Dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının, dövlətinin taleyini kökündən dəyişən bir tarix olduğunu bildirib. Həyatının məqsədi, başlıca amalı yalnız doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər Heydər Əliyev hələ XX əsrin 70-ci illərindən – Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən dövlətimizin suverenliyinə, xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə həmin günlərin toxumlarını cücərdirdi: “XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı, xaos və anarxiya dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Bu ağır vəziyyətdən Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin mürəkkəb, ziddiyyətli və ağır iyun günlərində xalqın çağırışına səs verən Ümummilli Lider Heydər Əliyev yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizin həyatında yeni mərhələnin əsası qoyuldu. Xalqın çağırışı ilə Bakıya dönən Ulu Öndər yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi”.

Bu tarixi hadisə ilə dövlətimizin parçalanma təhlükəsinin aradan qaldırıldığını bildirən rektor məhz dahi Liderin yorulmaz fəaliyyəti nəticəsində siyasi-iqtisadi sabitliyin yarandığını, ölkəyə böyük həcmdə sərmayələr cəlb edildiyini, əhalinin rifah halının yüksəldiyini vurğulayıb: “Ulu Öndərimizin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycan postsovet ölkələri ilə müqayisədə keçid dövrünün çətinliklərini daha uğurla arxada qoydu, sürətli dirçəliş mərhələsinə daxil oldu. Xalqımızı bəlalardan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər qısa müddət ərzində bugünkü qüdrətli Azərbaycanın prioritetlərini müəyyənləşdirdi, dövlətçiliyimizin hərtərfli inkişaf konsepsiyasını hazırladı. Dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsi isə həmin prioritetləri, inkişaf konsepsiyasını özündən sonra həyata keçirəcək siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildən ölkəmizə müdrikliklə rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin bütün arzuları, ən əsası, özündə tarixi torpaqlarımızın azadlığını ehtiva edən müqəddəs ata vəsiyyəti Prezident İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. Ali Baş Komandanımız, yenilməz sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 200 illik tariximizin ən böyük qələbəsini qazandı. 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında heç bir gün çəkməyən antiterror əməliyyatları ilə 30 illik erməni işğalı başa çatdı, suverenliyimiz, ərazi bütövlüyümüz bərpa olundu. Əminliklə söyləyirik ki, bundan sonra Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük tərəqqi, davamlı inkişaf və daha xoşbəxt günlər gözləyir!”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, professor Hicran Hüseynova, millət vəkilləri Sevinc Fətəliyeva və Naqif Həmzəyev çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, qüdrətli Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.

Tədbir BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovun ssenari müəllifliyi ilə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Tarixin izi ilə” sənədli filminin nümayiş olunması ilə başa çatıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024