BDU-da Milli Tempus məlumat günü qeyd olundu
18 Dekabr 2009-cu il tarixində Bakı Dövlət Universitetində (BDU) Milli TEMPUS məlumat Gününə həsr olunmuş beynəlxalq konfrans keçirildi. Konfransda Bakı Dövlət Universitetində keyfiyyətin təminatı ilə yanaşı, 2009-cu ildə TEMPUS IV proqramı üzrə təkliflərin nəticələri; 2009-cu ildə TEMPUS IV çərçivəsində təkliflərin verilməsinə dair dəvət; Azərbaycanda ən keyfiyyətli Tempus layihələri; “Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi” Proqramında Azərbaycan universitetləri üçün imkanlar və Azərbaycanda Tempus və Milli TEMPUS Ofisinin rolu müzakirə olundu.
Qeyd edək ki, Azərbaycanda Tempus proqramı Avropa İttifaqının maliyyə dəstəyi ilə 1995-ci ildən həyata keçirilir. Artıq 14 ildir ki, Azərbaycan bu layihədə uğurla iştirak edir. Proqramın məqsədi təhsil sistemində islahatlarının aparılması, onun təkmilləşdirilməsi və dünya standartlarına uyğunlaşdırılmasıdır. Bu sahədə layihələrin həyata keçirilməsi üçün bir çox universitet cəlb olunub. Nəticədə, bir çox universitetlərdə yeni fakültələr və ixtisaslar yaradılıb, bir sıra ixtisaslar üzrə tədris təkmilləşdirilib və yeni kurslar açılıb.
Tədbiri giriş sözü ilə BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov açdı. O qeyd etdi ki, Bakı Dövlət Universiteti 1996-cu ildən başlayaraq TEMPUS-un dəstəyi ilə 7 böyük layihələrdə iştirak etmişdir. Bu layihələr çərçivəsində BDU-da tədrisin keyfiyyətinin qiymətləndirilməsi Mərkəzi yaradılmış, İdarəetmə sisteminin yeniləşməsi (tədris hissəsi, mühasibat uçotu) və Elmi kitabxananın elektron kataloqunun yaradılması istiqamətində işlər görülmüşdür. Avropa Universitetləri ilə əməkdaşlıq əlaqələri güclənmiş və nəticə olaraq, yeni müasir metodika və yanaşmalar işlənib hazırlanmış, Azərbaycan gənclərinin Avropa universitetlərində təhsil almaq imkanları genişlənmişdir.
2009-cu ildə Avropa Birliyinin TEMPUS Programı çəçivəsində Bakı Dövlət Universitetinin və Azərbaycan Tibb Universitetinin alimləri Gurcustan, Fransa, İngiltərə və İtaliya Universitetləri ilə birlikdə “Cənubi Qafqaz ölkələrində Biotibbi elmlər sahəsinda elektron və distant təhsilin inkişafi” adlı layihənin qalibi olmuşdurlar. Layihənin ümumi dəyəri 1 044 022 Avrodur.
Tədbir hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin, ali təhsil müəssisələri rəhbərlərinin, o cümlədən Təhsil Nazirinin müavini Elmar Qasimov, Avropa Birliyinin Bakıda xüsusi nümayəndəsi və Avropa Komissiyası ofisinin rəhbərinin müavini Jan Luis Lavrov, TEMPUS Proqramı üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyi (EACEA) rəsmisi cənab Franz Steidele, Bakı Dövlət Universitetinin Rektoru akademik Abel Məhərrəmovun çıxışları ilə keçirildi.