BDU-da “Mir Həmzə Seyid Nigari Qarabaği” Beynəlxalq simpoziumu keçirilib

03/10/2021

Bu gün Bakı Dövlət Universitetində (BDU) Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunmuş Beynəlxalq simpozium keçirilib. BDU və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq simpoziumda Türkiyə və Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət və ictimai xadimlər, BDU-nun müəllim və tələbələri iştirak edib.

Simpozium Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev giriş sözü ilə çıxış edərək XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Mir Həmzə Nigarinin poeziyası və fəlsəfəsindən bəhs edib.  Qeyd edib ki, onun Vətən eşqi, Vətənə bağlılığı Qarabağa həsr etdiyi şerlərində daha qabarıq ifadə olunur. Qarabağın Şərqi Zəngəzur bölgəsində doğulan, lakin sonralar doğma yurdunu tərk edərək qardaş Türkiyədə məskunlaşmaq məcburiyyətində qalan Mir Həmzə Nigari əsərlərində öz yurduna həsrət və sevgisini daima ifadə edib. “Qara bağrım Qarabağımdır” deyən, “Qarabağdan xəbər versə” küləklərə canını qurban etməyə hazır olan Nigari oranı dünyanın behişti adlandırır. Təsadüfi deyildir ki, insanlar Qarabağ torpaqlarının işğal altında olduğu dövrlərdə bu şerlərlə təsəlli tapmış, öz həsrətlərini ovundurmağa çalışmışlar. Həm Azərbaycanda, həm də Türkiyədə tələbələr yetişdirən, gənc nəslin elmin sirlərinə yiyəyələnməsi üçün çalışan, həm də gözəl poetik nümunələr yaradan mütəfəkkir şair iki qardaş ölkə arasında hələ o dövrdə mənəvi bağlılıq yaradan simalardandır.

TADİV-in sədri, Türkiyə Respublikasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar çıxış edərək Seyid Nigarinin həyat və yaradıcılığı, fəlsəfəsi haqqında ətraflı məlumat verib.

Plenar İclasda Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov,  Azərbaycan Respublikasının mədəniyyət nazirinin I müavini Elnur Əliyev, Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Respublikası Milli Məclisinin  Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mir Həmzə Seyid Nigari Qarabaği nəslinin davamçısı Mir Sədi Məmmədoğlunun çıxış ediblər. Plenar məruzə ilə Xalq şairi Nəriman Həsənzadə çıxış edib.

Beynəlxalq simpozium iki bölmədə fəaliyyətini davam etdirib. Bölmə iclaslarında Mir Həmzə Qarabaği Nigarinin yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş elmi məruzələr dinlənilib. Birinci bölmədə Aqil Şirinov “Qafqazda İslami Vəhdətin formalaşmasında Seyid Nigari ənənəsinin rolu”, Oğuzhan Bilgin “Kanaat önderlerinin milli kimliğin inşaasında ve milli bağımsızlıktaki rolü”, Ahmet İyimaya “Hamza Nigari’nin düşündürdükleri”, Mir Sədi Məhəmmədoğlu “Sufilik ve Nigari ailəsinin İslam mənəviyyatının inkişafındakı rolu”, ikinci bölmədə Yalçın Sarıkaya “Seyyid Hamza Nigari devrinde Osmanlı ve Kafkasya’da genel siyasi durum”, Kəmalə Pənahova “Mir Həmzə Seyyid Nigari yaradıcılığında sufi mistik düşüncə təzahürü”, Aygen Türkmen “İnancın insan sağlığı üzerindeki etkileri: Hamza Nigari örneği”, Sevda Sadıqova ““Xaki-payi-dilbər tacı - sərimdir”  deyən Qarabağlı sufi şair” mövzusunda məruzə ediblər.

Beynəlxalq simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mir Həmzə Seyid Nigari Qarabağiyə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024