BDU-da “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimlər başlayıb

20/10/2021

19 oktyabr  2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi, Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı  və  Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində jurnalistlər üçün “Məişət zorakılığı media müstəvisində” mövzusunda təlimlərin açılış mərasimi keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, benefisiar ölkə üzrə layihə rəhbəri Sədaqət Qəhrəmanova giriş sözü ilə çıxış edərək bu təlimlərin media nümayəndələri üçün vacibliyini vurğulayıb. O, jurnalistlərin iştirakı ilə keçirilən belə təlimlərin kütləvi informasiya vasitələrinin cəmiyyətdəki mühüm rolunu və aktual mövzu kimi məişət zorakılığı hallarının qarşısının alınmasında xidmətlərini nəzərə alaraq, davamlı xarakter almasına və müzakirələrin mütəmadi olaraq keçirilməsinə diqqət çəkib.

Azərbaycanda məişət zorakılığı halları ilə mübarizədə həyata keçirilən tədbirlər haqqında məlumat verən S.Qəhrəmanova bildirib ki, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, eyni zamanda ötən il “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” imzalanıb.

BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov belə vacib bir təlimin keçirilmə məkanı olaraq BDU-nu seçdiklərinə görə təşkilatçılara təşəkkürünü bildirib. O, BDU-nun peşəkar jurnalist kadrların yetişdirilməsində əsas ali təhsil ocağı olaraq baza rolunu oynadığını qeyd edib. Aktual məsələlərdən biri olan məişət zorakılığı hadisələrinin işıqlandırılması istiqamətində tələbələrin və jurnalistlərin bu təlimlərdən yararlanacaqlarına əminliyini ifadə edib. Bildirib ki, məişət zorakılığı hallarının qarşısının alınmasında bütün cəmiyyət üzvləri fəallıq göstərməli, öz münasibətlərini bildirməlidirlər. Xüsusilə də qabaqlayıcı tədbirlərin görülməsinə diqqət yetirmək vacib məsələlərdəndir.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov məişət zorakılığı mövzusununda Tvinninq layihəsinə MEDİA-nın da qoşulmasından məmnunluğunu ifadə edərək, bu cür layihələrin davamlı olmasının effektivliyini vurğulayıb. O, zorakılıq hallarının qarşısının alınması istiqamətində preventiv tədbirlərin həyata keçirilməsində medianın böyük rolu olduğunu qeyd edərək, bu təlimlər sayəsində onun maarifləndirmə funksiyasına dünya təcrübəsindən irəli gələrək fərqli yanaşmanın tətbiq ediləcəyini vurğulayıb.

Daha sonra Avropa İttifaqının Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totoraitis layihə haqqında ətraflı məlumat verib. O, zorakılıq hadisələrinə sensassiya və reytinq üçün yanaşılmasının mənfi qarşılandığını və bu kimi halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Təlimlərin jurnalistlərin məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, ictimaiyyətə dəstək mexanizmləri barədə lazımi məlumatların çatdırılması, eləcə də gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması məqsədi daşıdığını qeyd edən L.Totoraitis çıxışının sonunda təlimin işinə uğurlar arzu edib.

Qeyd edək ki, 19-22 oktyabr tarixlərində keçiriləcək təlimləri avstriyalı ekspertlər Manuela Hargassner-Delpos və Thomas Hainlen aparır.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024