BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə “UrbanTalks” layihəsi çərçivəsində 31 oktyabr - Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib.
Tədbirin açılışında BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov müasir şəhərlərin inkişafında infrastrukturun yenilənməsi ilə yanaşı, həyat keyfiyyətinin yüksəldilməsi, ekoloji tarazlığın qorunması və dayanıqlı yaşayış mühitinin yaradılmasının əhəmiyyətini vurğulayıb.
BDU-nun Coğrafiya fakültəsinin dosenti, coğrafiya elmləri namizədi, turizm üzrə mütəxəssis Vüqar Dərgahov şəhərsalma, memarlıq və urbanizasiya proseslərində turizmin rolundan bəhs edib. O, şəhərlərin tarixi hissələrinin turistlər üçün əsas cəlbedici məkanlar sırasında yer aldığını bildirib. Həmçinin turizmin inkişafında şəhərlərin funksional xüsusiyyətləri, məkanların düzgün təşkili və infrastruktur imkanlarının mühüm rol oynadığını vurğulayıb. Şəhər mühitinin planlaşdırılmasının turizm potensialının formalaşmasına və şəhərlərin cəlbediciliyinin artırılmasına təsirini diqqətə çatdırıb.
Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Xanbabayev şəhərsalmanın planlaşdırılmasında statistik göstəricilərin və kadastr məlumatlarının əhəmiyyətindən bəhs edib. O, statistik məlumatların təhlilinin şəhərlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və planlaşdırma sənədlərinin hazırlanmasında rolunu vurğulayıb.
Şəhərsalma və memarlıq üzrə mütəxəssis Səbilə Zeynallı isə şəhərləşmənin ətraf mühitə təsiri, enerji istehlakı və karbon emissiyalarının artması məsələlərinə toxunub. O, tikinti fəaliyyəti və binaların istismarının atmosferə atılan emissiyaların artmasına təsir göstərdiyini qeyd edib.
Panelin moderatoru, “BDU könüllüləri” təşkilatının layihələrin idarəedilməsi və təşkilatlarla iş üzrə meneceri Mədinə Xəlilova Ümumdünya Şəhərlər Gününün əhəmiyyətinə toxunaraq dayanıqlı şəhər inkişafının vacibliyini qeyd edib.
Panel müzakirənin sonunda tələbələrin sualları cavablandırılıb.





