BDU-da Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş müsabiqə - “EkoGün-2025”

05/06/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin “Bioteam” klubunun təşkilatçılığı ilə 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “EkoGün-2025” adlı sərgi formatında müsabiqə keçirilib. Tədbirin məqsədi tələbələr arasında ekoloji maarifləndirməni təşviq etmək, təkrar emalın əhəmiyyətinə diqqət çəkmək və gənclərdə ekoloji məsuliyyət hissini gücləndirməkdir.

Tədbirdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Fizika fakültəsinin dekan müavini Vüsal Məmmədov, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sərgidə 20-dən çox əl işi nümayiş etdirilib. Bu işlərin hazırlanmasında əsasən təkrar emal edilə bilən materiallardan istifadə olunub. Rəsmlərin çoxu təbii boyalarla işlənib ki, bu da tədbirin ekoloji mahiyyətini daha da vurğulayıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yaradıcılıq sərbəstliyi təmin edilsə də, iştirakçılardan təqdim etdikləri işlərlə bağlı yazılı izah və istifadə olunan materialların siyahısını təqdim etmək tələb olunub.

Münsiflər heyəti və iştirakçıların gizli səsverməsinin nəticələrinə əsasən, Biologiya fakültəsinin II kurs tələbələri Zeynəb Abdullayeva “Sakit okean, səssiz fırtına” adlı işi ilə I, Kənan Hüseynzadə “Canlanan batareya” adlı işinə görə II, Fizika fakültəsinin tələbələri Aişənur Mayılzadə, Günəş İbrahimli, Hüseyn Məmmədzadə və Səma Hüseynova “Spektrometr” adlı işləri ilə III yerə layiq görülüblər.

Tədbirdə çıxış edənlər Birləşmiş Mİllətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM),  xüsusilə 12-ci məqsəd olan məsuliyyətli istehlak və istehsal məsələsinə diqqət çəkiblər. Bildirilib ki, bu məqsədlərə çatmaq üçün yalnız istehsalçılar deyil, istehlakçılar da məsuliyyət daşıyır. Qida israfı, plastik tullantılar və qeyri-rasional istehlak vərdişləri günümüzdə ətraf mühit və cəmiyyət üçün ciddi problemlər yaradır. Buna görə də ekoloji düşüncənin formalaşdırılması və davranışların dəyişdirilməsi vacib hesab olunur.

“EkoGün-2025” tədbiri tələbələrə yaradıcılıqlarını nümayiş etdirmək imkanı yaratmaqla yanaşı, onları ekoloji məsuliyyətə, davamlı və yaşıl gələcək qurmaq üçün daha fəal mövqe tutmağa çağırıb.

 

Xəbərlər

Xeyirxahlıq, insanpərvərlik, bərabərlik bayramı

Xeyirxahlıq, insanpərvərlik, bərabərlik bayramı
06/06/2025

BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib

BDU-nun rektoru Elçin Babayev “EduData Summit - 2025” tədbiri çərçivəsində keçirilən sessiyada çıxış edib
05/06/2025

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik  
05/06/2025