BDU-da NADPH-əmələgətirən fermentlərin bitkilərin müdafiə sistemində rolu müzakirə olunub

12/12/2022

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Bitkilərin NADPH-əmələgətirən fermentləri və onların bitkilərin müdafiə sistemində rolu” adlı elmi seminar keçirilib.

Molekulyar biologiya və biotexnologiyalar kafedrasının müdiri, professor Ziyəddin Məmmədov mövzu ilə bağlı məruzə edib.

O qeyd edib ki, NADPH universal, yüksək enerjili metabolit olub, bir çox biosintetik proseslərdə, o cümlədən, yağlar, zülallar, nuklein turşuları, ikinci dərəcəli metabolitlər və bitkilərin müdafiə sisteminin fəaliyyətində mühüm rol oynayır. Orqanizmdə NADPH metabolitini sintez edə bilən cəmi bir neçə ferment mövcuddur. Bunlara dekarboksilləşdirici malatdehidrogenaza (DMDH və ya malik-ferment), qlükozo-6-fosfatdehidrogenaza (G6PDH), izositratdehidrogenaza (NADP-İSDH) fermentləri aiddir. Onlardan birincisi malatın, ikincisi qlükozo-6-fosfatın, üçüncüsü isə izositratın metabolizmində həlledici rol oynayır. NADPH molekulu hüceyrədə digər vacib funksiyalarla yanaşı, bitkilərin biotik və abiotik stress şəraiti tərəfindən yaranan fəsadların aradan qaldırılması üçün lazım olan oksigenin aktiv formalarının (OAF) sintezinin induksiyasını da həyata keçirir. OAF-ın əmələ gəlməsi prosesi NADPH-oksidaza fermentinin elektronları NADPH molekulundan molekulyar oksigenə ötürməsi ilə başlayır. Nəticədə superoksidanion radikalı yaranır, ondan isə müxtəlif fermentativ və qeyri-fermentativ sistemlərin cəlb olunması sayəsində oksigenin digər aktiv formaları əmələ gəlir. Bu birləşmələr içərisində mühüm əhəmiyyət kəsb edənləri multifunksionallıq xüsusiyyətinə malik hidrogen peroksid və azot oksid molekullarıdır. Onlar siqnal funksiyasını yerinə yetirməklə yanaşı, müxtəlif zülallarla birləşərək onların funksional aktivliyinə təsir göstərə bilirlər.

Seminarda bildirilib ki, NADPH-əmələgətirən fermentlərin ətraf mühitin ekstremal faktorlarına qarşı müdafiə reaksiyalarında iştirakı, bitkilərin belə şəraitə adaptasiyasının  biokimyəvi əsaslarının müəyyənləşdirilməsi yüksək tolerantlığa malik bitki sortlarının alınması və məhsuldarlığın artırılmasında yardımçı material ola bilər. Ona görə də bu sahədə aparılan tədqiqatlar genişləndirilməli və onun nəticələri yeni və ekstremal şəraitə davamlı, məhsuldar sortlarım alınmasında tətbiq olunmalıdır.

Məruzəçi sonda seminar iştirakçılarının suallarını cavablandırıb.

Xəbərlər

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb

Görkəmli uşaq şairi Zahid Xəlil BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri ilə görüşüb
06/04/2026

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur

BDU-nun Biologiya fakültəsində duzluluq stresinin bitkilərə təsiri tədqiq olunur  
06/04/2026

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib

BDU-nun komandası Özbəkistanda keçirilən beynəlxalq kibertəhlükəsizlik yarışında uğurla iştirak edib
06/04/2026