BDU-da “Nizami yaradıcılığında didaktik motivlər” mövzusunda elmi seminar
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Nizami yaradıcılığında didaktik motivlər” mövzusunda onlayn elmi seminar keçirilib. “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramovun moderatorluğu ilə keçirilən tədbiri giriş sözü ilə açan Filologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Mehriban Əlizadə “Nizami ili” çərçivəsində təşkil olunmuş seminarın mövzusunun əhəmiyyətindən danışaraq dahi şairin yaradıcılığında əxlaqi-mənəvi dəyərlərin təbliği ilə bağlı məsələlərdən bəhs edib..
Sonra Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının əməkdaşları - professor Mətanət Abdullayeva “Xəmsə” əxlaqi-mərifət kodeksi kimi”, dosent Əhəd Cavadov isə “Sirlər xəzinəsi”ndə Nizaminin dünyaya baxışı” adlı məruzələrlə çıxış ediblər.
Məruzələrdən sonra çıxış edən dosent Məhbubə Qurbanova Nizami yaradıcılığında qadın obrazları ilə əlaqəli mühüm didaktik məsələlərə diqqət çəkib, belə ədəbi faktların gənc nəslə aşılanmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Hüseyn Əsgərov Nizami Gəncəvi irsinə dövlət başçısı səviyyəsində göstərilən yüksək diqqət və qayğının əhəmiyyətindən söz açıb, məruzəçilərə və iştirakçılara minnətdarlığını bildirib.
Tədbirdə III kurs tələbələri - Nəzrin Mirzəli N.Gəncəvinin “Yenə tövbə evimi eşq xərab etmədədir” və Fidan Abdinova “Afərin hüsnünə mən bir belə dilbər istərəm”, I kurs tələbəsi Rəhiməxanım Əlipənahova isə “Min sevincə dəyişmərəm uğrundakı bircə qəmi” mətləli qəzəllərini səsləndiriblər.