BDU-da Novruz bayramına həsr olunmuş elmi sessiya

18/03/2022

Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr olunmuş elmi sessiya keçirilib.

Elmi sessiyada Novruzun milli, astronomik və etnoqrafik aspektləri izah edilib.

BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Səhər Orucova “Azərbaycanda Novruz ənənələri” adlı məruzə edib.

Səhər Orucova vurğulayıb ki, hər bir xalqın mədəniyyəti, mənəvi əxlaqı, dünyagörüşü onun bayramlarında öz əksini tapır. Bu baxımdan çillələrin, Novruz və çərşənbələrinin xalqımızın bayram təqvimlərində mühüm yeri var.

Səhər Orucova qeyd edib ki, Novruz nə məzhəb, nə də din bayramıdır. Bu bayram baharın gəlməsi münasibətilə qeyd edilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirirlər. Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Albaniya, Makedoniyada gecə ilə gündüzün bərabərləşdiyi gün bayram kimi qeyd edilir. Hətta İraq və Əfqanıstanda astronomik Günəş təqviminə əsasən, Novruz martın 21-də rəsmi şəkildə yeni ilin başlanğıcı kimi qeyd olunur.

Novruz adətləri, şirniyyatları, personajları barədə ətraflı məlumat verən Səhər Orucova bildirib ki, Azərbaycan xalqı milli dəyərlərə və  ənənələrə sadiqdir. Azərbaycan dövlətini bu dəyərlər üzərində quran Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirib. Bu dəyərlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan Respublikasının I Vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz  Günü” elan edib.

Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışeva “Novruza astronomik baxış” adlı məruzə təqdim edib. O vurğulayıb ki, Novruzun tarixi, adət-ənənələri haqqında çox genış yazılır, lakin bu bayramın qeyd olunması məhz astronomik hadisələrlə əlaqəlidir.

Kəmalə Alışeva yaz bərabərliyi gününün yaranması və fəsillərin bir-birini əvəz etməsinin də elmi izahını verib. O bildirib ki, Yer oxunun meylli olması hesabına orbit boyunca dolanan zaman müəyyən dövrdə Yerin şimal qütbü daha çox Günəşə doğru dönmüş olur. Bu vaxt həmin yarımkürədə yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli müşahidə olunur. Cənub qütbü Günəşə dönmüş olarsa, onda bu yarımkürədə yay fəsli, digər yarımkürədə isə qış bərqərar olur. Yer Günəş ətrafinda hərəkət etdikcə fəsillər bir-birini əvəz edir. Yer orbitin müəyyən nöqtələrindən keçəndə firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni qədər düşür. Bu zaman yaz və payız fəsilləri müşahidə olunur. Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə qütblər istisna olmaqla Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur. Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız  başlayır. Bu hadisə məhz 20-21 mart tarixinə uyğun gəlir. Bəzi hallarda bu tarix martın 19-na düşür. XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək. 2022-ci ildə Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə saat 19:33:23-də baş verəcək.

BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Hicran Mahmudova isə “Türk xalqlarının etnoqrafiyasında Novruz ənənələri” adlı məruzə edib. O bildirib ki, mifoloji bayramlar xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa imkan verir. Novruz bayramı yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan ənənəyə çevrilən, mədəni köklərə və mənəvi qaynaqlara bağlı olan qədim xalq bayramıdır. Novruz bayramı türk xalqlarıının el bayramı kimi “Bozqurd, Çağan, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz” və s. kimi adlandırılıb.

Məruzəçi qeyd edib ki, türk xalqlarının etnoqrafiyasında, mifik dünyagörüşündə “Novruz”un “Yaradılış bayramı” olması xüsusilə vurğulanır. İnanca görə, əski türklərin 400 il əziyyət çəkərək qaldıqları yerdən bir bozqurdun yol göstərməsi ilə xilas olduqları gün martın 21-nə təsadüf etdiyindən, onlar üçün yeni həyat başlanıb.

Daha sonra məruzəçi müxtəlif türk xalqlarının Novruz adətləri barədə məlumat verib.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024