BDU-da professor Abdulla Muxtarovun 105 illik yubileyinə həsr olunmuş tədbir
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin təşkilatçılığı ilə fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, professor Abdulla Muxtarovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, dahi alim, dəyərli müəllim olan Abdulla Muxtarov Azərbaycan elmində silinməz iz buraxıb. Onun fizika elminə verdiyi töhfələr və yetirmələri bu gün də BDU-da gənc nəslin təlim-tərbiyəsində və savadlanmasına rol oynayır. Öz tələbəlik illərindən söz açan Elçin Babayev Abdulla Muxtarovun daim tələbələrin yanında olduğunu və onlara sevgi ilə yanaşdığını deyib: “Bizlər korifey müəllimlərimizi unutmamalıyıq. Daim onların xatirəsini yaşatmalı və nümunəvi həyat hekayələri ilə tələbələri yaxından tanış etməliyik. Bu, elmə, əməyə və müəllimə əsl hörmətin göstəricisidir".
Rektor həmçinin tədbirdə iştirak edən müəllimlərin əksəriyyətinin professor Abdulla Muxtarovun yetirmələri olduğunu və onun yolunu davam etdirdiyini qeyd edib.
BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Azərbaycanda nəzəri fizika məktəbinin əsasını qoyan Abdulla Muxtarovun kvant nəzəriyyəsi, elementar zərrəciklər və nüvə fizikası, yüksək enerjilər fizikası və s. kimi mürəkkəb sahələri tədqiq etdiyini və fəaliyyətinin BDU ilə sıx əlaqədə olduğunu bildirib.
Sonra Abdulla Muxtarovun həyat yolunu özündə əks etdirən videoçarx nümayiş etdirilib.
BDU-nun Nəzəri fizika kafedrasının müdiri, dosent Məmməd Rəcəbov, Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev, Nəzəri fizika kafedrasının professoru Sərhəddin Abdullayev, Geologiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri, akademik Vasif Babazadə, Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Nüvə və yüksək enerjilər fizikası laboratoriyasın rəhbəri, professor Şakir Nağıyev və Abdulla Muxtarovun qızı Elmira Axundova professorun həyatından, xidmətlərindən söz açıb, xatirələrini bölüşüblər.