BDU-da professor Ədibə Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

05/12/2023

Bakı Dövlət Universitetində (BDU) professor Ədibə xanım Paşayevanın 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev zəngin tarixə malik xalqımızın elm və təhsil ənənələri, maarifçilik ideyaları ilə bəşəriyyətin, dünya mədəniyyətinin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Azərbaycan elmi-fəlsəfi fikrinin görkəmli nümayəndələri yaratdıqları dəyərli əsərlərlə xalqımızın ümumi elmi təfəkkürünün inkişafında böyük rol oynamaqla bərabər, bəşəriyyətin elmi-mədəni yüksəlişinə də layiqli xidmətlər göstəriblər. Onların sırasında görkəmli filoloq-ədəbiyyatşünas, bacarıqlı təhsil təşkilatçısı, fəal ictimai xadim olan professor Ədibə xanım Paşayevanın özünəməxsus yeri var. Rektor qeyd edib ki, Ədibə xanım Paşayeva görkəmli ədəbiyyatşünas-alim, yazıçı və pedaqoq, BDU-nun sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru Mir Cəlal Paşayevin ailəsində dünyaya göz açıb. “Mir Cəlal ədəbiyyat tariximizin böyük ədəbi siması, Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında əvəzedilməz xidmətlər göstərmiş bir alim olmaqla bərabər, həm də yüksək mənəvi-əxlaqi dəyərlər daşıyıcısı olan bir şəxsiyyət kimi tarixdə iz qoyub. Ədibə Paşayeva bu dəyərli ailənin yadigarı, xalqımızın və BDU-nun sevimli alimi, müəllimidir”.

Rektor Elçin Babayev qeyd edib ki, təhsilini 1960-1965-ci illərdə BDU-da alan Ədibə Paşayevanın həyat və fəaliyyəti Universitet ilə ayrılmaz surətdə bağlıdır. O, ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə elə doğma Universitetdə başlayıb. Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, Xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 2004-2019-cu illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olub. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ədibə Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir. Görkəmli alim 2019-cu ildən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışır. Ədibə xanım Azərbaycan elmi və təhsilindəki yüksək xidmətlərinə görə “Tərəqqi” medalına, “Qabaqcıl təhsil isçisi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb. Ədibə xanım BDU-nun 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Həyatını elmə və təhsilə bağlamış Ədibə xanımı elmi ictimaiyyət gözəl alim, novator pedaqoq, qayğıkeş və nəcib insan kimi tanıyır. Onun yaradıcılığı, elmi-pedaqoji, ictimai fəaliyyəti, eləcə də əsl Azərbaycan xanımına xas nəcibliyi Azərbaycan gəncliyi üçün örnəkdir.

ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışında qeyd edib ki, Ədibə Paşayeva Azərbaycan elminin, Bakı Dövlət Universitetinin ən görkəmli nümayəndələrindəndir: “Ədibə Paşayeva Mir Cəlal ocağının yetirməsidir. Bu adı Mir Cəlal müəllim icad eləyib. Ədibə Paşayeva öz həyatı, fəaliyyəti ilə bu adın mənasını doğruldub. Mir Cəlal müəllimin İçərişəhərdə yerləşən evi – “Ədibin evi” də ədəbiyyatımıza xidmət məqsədilə fəaliyyət göstərir. Mir Cəlal ən gözəl əsərlərini məhz həmin evdə yazıb. Ədibə Paşayeva daşıdığı bütün vəzifələr içərisində müəllim vəzifəsini hamısından uca tutub, müəllim olduğunu bir dəqiqə belə unutmayıb. Mən Ədibə Paşayevaya müəllimlik kimi müqəddəs vəzifəsini həmişə yüksək səviyyədə daşımasını arzulayıram”.

Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Təhsin Mütəllimov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, akademik, Milli Məclisin (MM) üzvü Nizami Cəfərov, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının dosentləri Sona Çərkəz, Solmaz Əliyeva çıxışlarında Ədibə Paşayevanın Azərbaycan elminin, təhsilinin inkişafında əvəzedilməz xidmətlər göstərdiyini, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd ediblər. Çıxışlarda professor Ədibə Paşayevanın ali və orta məktəblər üçün “Rus dili” dərsliklərinin hazırlanmasında xidmətləri xüsusi vurğulanıb.

Tədbirin sonunda söz yubilyara verilib.

BDU-nun Rus ədəbiyyatı kafedrasının müdiri, professor Ədibə Paşayeva təbriklərə görə minnətdarlığını bildirib: “Xoşbəxt insanam ki, Mir Cəlal müəllimin ailəsində dünyaya gəlmişəm. Xoşbəxtəm ki, müəllimlik kimi yüksək missiyanın daşıcısıyam. Müəllim təkcə tədris etdiyi fənni yox, həyat dərsini də deməlidir. Çox xoşbəxtəm ki, bu missiyanı məhz BDU-da, Filologiya fakültəsində uğurla yerinə yetirirəm. Çünki həm Universitetin, həm fakültənin öz ənənələri, ab-havası var”.

Daha sonra professor Ədibə Paşayevaya BDU-da uzun illər səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi töhfələrə görə və 80 illik yubileyi münasibətilə Fəxri Fərman təqdim edilib.

 

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024