BDU-da professor Əziz Əliyevə həsr olunmuş elmi seminar keçirilib

28/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin və  Respublika Dövlət Elmi Tibb Kitabxanasının birgə təşkilatçılığı ilə professor Əziz Əliyevin anadan olmasının 125 illiyinə həsr olunmuş elmi seminar keçirilib.

Elmi seminarı giriş sözü ilə açan BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov Əziz Əliyevin görkəmli dövlət xadimi, ölkəmizdə səhiyyə işinin təşkilatçısı, eyni zamanda yüksək erudisiyaya malik alim kimi fəaliyyətindən bəhs edib. Professor Əziz Əliyevin irsinin öyrənilməsinin və gənc nəslə təbliğinin xüsusi önəm kəsb etdiyini vurğulayan Mais Süleymanov elmi seminarda müzakirə edilən mövzuların aktuallığını diqqətə çatdıraraq tədbirin işinə uğurlar arzulayıb.

Elmi seminarda BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılov “Əziz Əliyev irsinə dair sənəd axınının tədqiqi”, Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva “Əziz Əliyev Azərbaycanda tibb elmi və təhsilinin informasiya fəaliyyətinin təşkilatçısı kimi” mövzularında məruzə ediblər. Nadir İsmayılov Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Əziz Əliyevin irsinə, şəxsiyyətinə böyük dəyər verdiyini vurğulayıb, alimin yubileylərinin dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb. Məruzədə Əziz Əliyev irsi haqqında ölkəmizdə və xaricdə sənəd-informasiya axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti kompleks təhlil olunub, mövzunun informasiya təminatının təkmilləşdirilməsi ilə bağlı innovativ təkliflər irəli sürülüb. Əziz Əliyev irsinə dair sənəd axınının tədqiqində Milli Kitabxana tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası ilə nəşr edilmiş “Əziz Əliyev” biblioqrafik göstəricisinin xüsusi əhəmiyyət daşıdığını bildirən məruzəçi biblioqrafiyada alimin əsərləri, həyat və yaradıcılığına dair mühüm faktların əksini tapdığını qeyd edib. Məruzədə Əziz Əliyev irsinə dair çap edilmiş əsərlər ədəbiyyat növlərinə və müəlliflərin əlifba göstəricisinə görə təsnifləndirilib, bir sıra müqayisəli təhlillər aparılıb.

Respublika Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva məruzəsində Əziz Əliyevin tibb elmi və təhsilinin informasiya təminatındakı fəaliyyətindən bəhs edib, alimin Azərbaycan Tibb Universiteti nəzdində hazırda 1 milyon kitab fonduna malik Tibb Kitabxanasının əsasını qoyduğunu bildirib. Qeyd edib ki, Əziz Əliyev Azərbaycan Tibb Universitetində xüsusi Kitabxana Komissiyası yaradıb, tibbi kitabxananın fondunun zənginləşməsinə, digər respublikalarla kitab mübadiləsinin aparılmasına mühüm töhfələr verib. Yeganə Pirəliyeva Əziz Əliyevin təşəbbüsü ilə ölkədə elmi-tibbi ədəbiyyatın, eləcə də bu sahə üzrə dövri nəşrlərin çapını həyata keçirən “Tibb nəşriyyatı”nın, “Praktiki və nəzəri tibb jurnalı”nın, hazırda “Təbib” adı ilə fəaliyyətini davam etdirən “Tibb kadrları uğrunda” qəzetinin yaradıldığını diqqətə çatdırıb. Məruzəçi alimin bu istiqamətdəki fəaliyyətinin ölkəmizdə tibb elmi və təhsilinin informasiya təminatının formalaşmasında xüsusi rolunu vurğulayıb.

Məruzələr auditoriya tərəfindən böyük maraqla dinlənilib, mövzularla bağlı müzakirələr aparılıb.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024