BDU-da professor İzzət Rüstəmovun 90 illiyinə həsr olunmuş Respublika elmi konfransı

15/02/2022

Bakı Dövlət Universitetində (BDU) professor İzzət Rüstəmovun 90 illiyinə həsr olunmuş "Təbiətşünaslığın fəlsəfəsi sosial və humanitar elmlərin qovşağında" mövzusunda Respublika elmi konfransı keçirilib.

Tədbirdə çıxış edən BDU rektoru Elçin Babayev İzzət Rüstəmovu yubiley münasibəti ilə təbrik edərək, onun Universitetin ictimai həyatında böyük xidmətləri olduğunu qeyd edib: "İzzət Rüstəmov hamı üçün əzizdir. O, həm dövlət xadimi, həm filosof, həm müəllim kimi öz sözünü deyib və ağsaqqallıq zirvəsinə yüksəlib".

İzzət Rüstəmovun fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, bir sıra orden və medallarla təltif olunduğunu xatırladan rektor qeyd edib ki, qocaman müəllim kimi o, bu gün də gənc nəslin təlim-tərbiyəsində, ixtisaslı kadrların hazırlanmasında və ölkənin ictimai həyatında fəal iştirak edir.

Daha sonra rektor Elçin Babayev İzzət Rüstəmovu fəxri fərmanla təltif edib.

Konfrans məruzələrlə davam edib.

Konfransda BDU-nun Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov “Təbiətşünaslıq fəlsəfəsinin müasir paradiqması”, AMEA-nın professoru Rəfiqə Əzimova “Fəlsəfə və Sosiologiya İnstitutunda sosioloji tədqiqatların əsas istiqamətləri”, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov “İnsan-təbiət münasibətlərinin müasir aspektləri”, BDU-nun professoru Rəfail Həsənov “Azərbaycanda sosiologiya elminin inkişaf xüsusiyyətləri”, BDU-nun professoru Rüfət Rüstəmov “Dil təbiəti və semantikası: müasir dil prosesləri” mövzularında məruzələr ediblər.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Sosiologiya fakültəsinin məsləhətçi-professoru, fəlsəfə elmləri doktoru İzzət Əşrəf oğlu  Rüstəmov 1932-ci ildə Gədəbəy rayonunda anadan olub.

İ. Rüstəmov 1954-cü ildə BDU-nun Tarix fakültəsinin fəlsəfə şöbəsini bitirib. 1963-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiya müdafiə edib, 1977-ci ildə professor elmi adı alıb.

Əmək fəaliyyətinə Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasında başlayan İ. Rüstəmov 1984-cü ilədək həmin kafedrada laborant, baş laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb. Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında fəlsəfə kafedrasının müdiri və bir müddət Azərbaycan Partiya Tarixi İnstitutu direktorunun elmi işlər üzrə müavini işləyib.

1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 1999-2004-cü illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru olub.

1977-ci ildən 2019-cu ilədək Sosiologiya kafedrasının professoru kimi çalışan İ. Rüstəmov 2004-2019-cu illərdə həmin kafedraya rəhbərlik edib. 2019-cu ildən kafedranın məsləhətçi professorudur. O, eyni zamanda BDU-da və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Müdafiə şuralarının, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Problem Şurasının üzvü kimi fəaliyyətini davam etdirir. Xətai Rayon Ağsaqqallar Şurasının sədridir.

Professor İ. Rüstəmov 4 monoqrafiya, 10 kitab, 170-dək elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 6 nəfər elmlər, 10 nəfər fəlsəfə doktoru yetişib.

O, bir sıra orden və medallarla təltif olunub. 1991-ci ildə akademik S. İ. Vavilov adına medal, 2007-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının xarici həqiqi üzvü seçilib. 2009-cu ildə “Şöhrət” ordeni ilə, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024