BDU-da qış imtahan sessiyası başlayıb

06/01/2011

Rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, bu gün Bakı Dövlət Universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.

İmtahan başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov qış imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb. Bu işlərə nəzarət edəcək Elektron Tədris Mərkəzi haqqında danışan rektor bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, eyni zamanda, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə nəzarət etmək məqsədilə yaradılıb.

Daha sonra çıxış edən Tədris işləri üzrə prorektor, professor Vüsət Əfəndiyev bugünkü imtahanların 5 fakültə, 38 auditoriyada aparılacağını bildirib. Prorektor da öz növbəsində imtahanların elektron və alternativ testlə, o cümlədən yazılı şəkildə – monitorinq üsulu ilə həyata keçiriləcəyini diqqətə çatdırıb. Deyib ki, monitorinq imtahanlarına 3, testlə keçiriləcək imtahanlara isə 2 saat vaxt veriləcək. Tələbələr qiymətlərini növbəti gün saat 13.00-da dekanlıqlardan öyrənə biləcəklər.

İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Fizika fakültəsinin Differensial tənliklər, Riyazi-fizika üsulları, Praktik astrofizika, Biologiya fakültəsinin isə  Torpaq Erroziyası, Entimologiya, Fəlsəfə, Onurğalılar Zoologiyası və Mərkəzi Sinir Sistemi fənlərindən imtahan verən  II, III və IV kurs tələbələri ilə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.

Tələbələrə uğurlar arzulayan rektor, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.

 

BDU-nun Mətbuat və İnformasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024