BDU-da "Qarabağ Azərbaycandır! Zəfər epopeyası" kitabının təqdimat mərasimi keçirilib

24/12/2021

Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin 30 illiyinə və Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunmuş "Qarabağ Azərbaycandır! Zəfər epopeyası" kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində BDU-nun rektoru Elçin Babayev çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər haqqında danışıb. Şanlı qələbənin qazanılmasında müasir Azərbaycan gəncliyinin əvəzsiz rolu olduğunu xüsusi vurğulayıb. Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müzəffər ordumuz, qüdrətli xalqımız tariximizin yeni və şanlı salnaməsini yazdı, Ulu Öndərimizin ən böyük arzusu həyata keçirildi.

Elçin Babayev Vətən Müharibəsində şanlı qələbəmizin əsasını təşkil edən xalq-iqtidar birliyinin təməlinin Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində qoyulduğunu vurğulayaraq qeyd edib ki, Ulu Öndərimizin axıra çatdırmaq istədiyi ən taleyüklü məsələ doğma torpaqlarımızın azad edilməsi idi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən möhtərəm Prezidentimiz, yenilməz sərkərdəmiz İlham Əliyev Müzəffər ordusu, məğrur xalqı ilə birlikdə 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq qələbə ilə xalqımızın başını dünya durduqca uca, Ulu Öndərimizin müqəddəs ruhunu əbədi olaraq şad etdi.

BDU-nun Tarix fakültəsinin professoru İbrahim Zeynalovun moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Anar İsgəndərov, Milli Məclisin üzvü, BDU-nun professoru Musa Qasımlı, Milli Məclisin üzvü Naqif Həmzəyev, AMEA-nın həqiqi üzvü, BDU-nun kafedra müdiri Yaqub Mahmudov, Tarix fakültəsinin tələbəsi, Vətən müharibəsi qazisi Gündüz Orucov çıxış ediblər. Çıxışlarda Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsi olduğu, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində əldə olunmuş qələbənin ədalətin təntənəsi olduğu bildirilib. Vətən müharibəsində Azərbaycan xalqının öz rəhbərinin və ordusunun yanında olması, bir yumruq kimi birləşməsinin qələbəni təmin edən əsas amil olduğunu vurğulanıb. Ölkə başçısı İlham Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz xidmətlərindən danışılıb.

Tədqim olunan kitabda Azərbaycanın əzəli torpağı olan Qarabağın ən qədim çağlardan müasir dövrə kimi tarixinə ümumi bir nəzər salınmış, Qarabağın ərazisi, əhalisi, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti və siyasi həyatı, o cümlədən XX əsrin 20-ci illərində Azərbaycan SSR-in tərkibində qondarma DQMV-nin yaradılması və bunun ağır nəticələri ilk mənbələr, arxiv sənədləri və mövcüd ədəbiyyatlar əsasında geniş şəkildə təhlil olunmuş, ermənilərin Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün irəli sürdüyü ərazi iddialarının əsassızlığı mötəbər mənbələr əsasında sübut olunmuşdur. Kitabda XX əsrin 80-90-ci illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, Birinci Qarabağ savaşı və onun nəticələri, Azərbaycanın ərazisinin böyük bir hissəsinin təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunması, Ermənistanda və Qarabağ bölgəsində azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırım siyasəti, dinc əhaliyə qarşı terror, mədəniyyət abidələrimizə qarşı vandalizm aktları, ATƏT-in Minsk qrupunun münaqişəsinin həlli sahəsində səmərəsiz fəaliyyəti tədqiq edilib.

Qeyd edək ki, kitabın layihə rəhbəri BDU-nun professoru İbrahim Zeynalov, elmi məsləhətçiləri akademik Yaqub Mahmudov, professor Anar İsgəndərov və professor Fəzail İbrahimlidir.

Kitab ali məktəblərdə tarix, siyasi və beynəlxalq münasibətlər fənlərindən dərs deyən müəllimlər, bakalavr səviyyəsində təhsil alan tələbələr, magistrlər, elmi işçilər və Azərbaycanın müasir tarixinə maraq göstərən oxucular üçün nəzərdə tutulub.


 

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024