BDU-da Qarabağ ruhu

05/11/2020

Fəxrlərimizin ruhu şad olur

9-cu yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Doqquzuncu yazımız 1974-1976-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı olmuş professor Əkbər Məmməd oğlu Ağayev‎lə bağlıdır.

Görkəmli tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Əkbər Ağayev 1915-ci ildə Şuşada anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat şöbəsini bitirmişdir. 1940-1941-ci illərdə Elmlər Akademiyası Azərbaycan filialının aspiranturasında təhsilini davam etdirmişdir. Həmçinin Moskvada Ali Diplomatiya Məktəbində təhsil almışdır.

Əkbər Ağayev Moskvada Ali Diplomatiya Məktəbində təhsilini başa vurduqdan sonra "İzvestiya" qəzeti və Sovet İttifaqı Teleqraf Agentliyi redaksiyalarında, Bakıda bir sıra mətbuat orqanlarında ədəbi işçi, məsul katib, şöbə müdiri və redaktor vəzifələrində çalışmışdır. Eyni zamanda elmi-pedaqoji fəaliyyəti dövründə Azərbaycan Dövlət Pedaqoji Universitetində, Xarici Dillər İnstitutunda, Bakı Dövlət Universitetində müəllim, kafedra müdiri və fakültə dekanı, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda inkişaf etmiş sosializm dövrü ədəbiyyatı şöbəsinin müdiri vəzifələrində işləmişdir.

Ədəbi fəaliyyətə hələ 1935-ci ildə başlamış Əkbər Ağayevin "Nizami və dünya ədəbiyyatı" (1964), "Şeirimizin yeni nəsli", "Lirikanın qüdrəti", "Dramaturgiyanın bəzi məsələləri", "Ədəbiyyat tarixi haqqında qeydlər" və s. kimi ədəbiyyatşünaslıq və ədəbi tənqidə həsr olunmuş xeyli məqaləsi məlumdur ki, onların arasında rus və dünya ədəbiyyatına həsr olunmuş "Anri Barbüs", "Höte Nizami haqqında", "Fransız xalqının böyük oğlu", "Humanist sənətkar", "Xalq nəğməkarı", "Səhər şəfəqləri" kimi əsərlər də vardır. "M.Y.Lermantov və Azərbaycan" (1941), "A.İ.Gertsen"(1962), "Sənətkarlıq məsələləri" (1962), "Nizami və dünya ədəbiyyatı" (1964), "Sənətkara töhfə" (1978), "Əsrin tərənnümü" və s. kitabları işıq üzü görmüşdür.

Əkbər Ağayev tərcümə sənəti ilə də yaxından məşğul olan müəllif dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərini dilimizə tərcümə etmişdir. A.S.Puşkin, M.Y.Lermontov, A.A.Çexov, L.N.Tolstoy, V.Belinski, N.Dobrolyubov, M.Qorki, Ç.Dikkens, N.Bualo və b. rus ədiblərindən tərcümələri vardır.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Əkbər Ağayevin dünyaya göz açdığı Şuşa şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024