BDU-da Qarabağ ruhu

06/11/2020

Fəxrlərimizin ruhu şad olur

10-cu yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

Onuncu yazımız 1963-1965-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı olmuş professor Kəriş Şükür bəy oğlu Köçərli ilə bağlıdır.

Kəriş Köçərli 24 yanvar 1920-ci ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Şükür bəy Kərim bəy oğlu Köçərli repressiya qurbanı olub. O, Kəriş müəllimin 16 yaşı olanda həbs edilib, 17 yaşı olanda 1937-ci ildə güllələnib. K.Köçərli 1936-cı ildə Ağdamdakı pedaqoji texnikumu əla qiymətlərlə bitirərək elə həmin ildə Bakı Dövlət Universitetinin fFizika-riyaziyyat fakültəsinə imtahansız qəbul edilmiş və oranı 1941-ci ildə bitirmişdir. Həmin ildən də Bakı şəhərinin 1 saylı məktəbində fizika-riyaziyyat dərsləri demiş, 1953-1958-ci illərdə isə 199 saylı məktəbdə fizika müəllimi işləmişdir. 1941-1944-cü illərdə Bakı şəhəri Təhsil idarəsində metodist işləmişdir. 1945-ci ildən BDU-nun Fizika fakültəsində Təcrübi fizika kafedrasına assistent vəzifəsinə qəbul edilmişdir. 1951-1958-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1958-ci ildə “Bəzi karbohidrogen birləşmələrinin dielektrik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və dosent vəzifəsinə keçirilmişdir. Həmin ildən də Təcrübi-fizika kafedrasına müdir təyin edilmişdir. 1963-1965-ci illərdə Fizika fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1965-1976-cı illərdə Ümumi fizika kafedrasının müdiri, 1972-ci ildən isə professoru olmuşdur. Elmi-pedaqoji fəaliyyəti ilə yanaşı o, ictimai işlərdə də çox fəal olmuşdur.

Kəriş Köçərli sözün əsil mənasında həqiqi ziyalı olmuş, ömrünü tədrisə, gənc nəslin tərbiyəsinə həsr etmişdir. Azərbaycan dilində dərslik və dərs vəsaitlərinə olan ehtiyacı nəzərə alıb orta məktəbin VII-X sinifləri üçün dərslikləri və ali məktəblər üçün S.E.Friş və A.V.Timorevanın “Ümumi fizika kursu” (III hissə) kitabını Azərbaycan dilinə tərcümə etmişdir. Onun həmmüəllif olduğu “Fizika praktikumu” dərs vəsaiti bu gün də öz əhəmiyyətini saxlamaqdadır. Kəriş müəllim həm də Azərbaycan Maarif Nazirliyinin “Fizika və riyaziyyat” jurnalının və “Azərbaycan pioneri” jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan Elmlər Akademiyasının “Radiospektroskapiya” problemləri üzrə şuranın rəyasət heyətinin üzvü olmuşdur. Fizika müəllimləri ilə apardığı yaradıcı işlərə görə Maarif Nazirliyi tərəfindən dəfələrlə təşəkkür, Fəxri fərmanlar almış, Əməkdar müəllim adına layiq görülmüşdür.

gözəl insan, qayğıkeş müəllim olan K.Köçərlinin yüksək səviyyəli mühazirələri, xüsusi bacarıqla apardığı seminar və laboratoriya məşğələləri tələbələrin yaddaşında dərin iz salmışdır. O, eyni zamanda yaxşı təcrübəçi fizik olmuş, dielektriklərin fiziki xassələrinin tədqiqi sahəsində universitetdə yüksək səviyyəli tədqiqat işi aparan alimlərdən biri və birincisi olmuşdur. Onun neft və neft məhsullarının dielektrik xassələrinin tədqiqi ilə bağlı elmi işləri, respublikada neft texnologiyası sahəsinin aparıcı müəssisəsi sayılan Neft Kimya Prosesləri İnstitutu ilə birlikdə istehsalatda geniş tətbiq edilirdi. Respublikanın müxtəlif elmi-tədqiqat institutlarında alınan polimer maddələrin onun yaratdığı elektrofiziki yollarla tədqiqi üsulu yeni maddələrin sintezi prosesində, həm də sürtkü və transformator yağlarının keyfiyyətlərinə nəzarət zamanı istifadə olunurdu. Onun bəzi yarımkeçirici maddələrin müxtəlif elektrik və fotoelektrik xassələrinin, monokristallik yarımkeçiricilərin dielektrik xassələrinin tədqiqi, silisium monokristalının mikro dalğa oblastında tədqiqinə aid işləri böyük elmi və praktiki maraq daşımışdır.

Professor Kəriş Köçərli 1977-ci ildə 57 yaşında vəfat etmişdir.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, rəşadətli Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Kəriş Köçərlinin dünyaya göz açdığı Şuşa şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024