BDU-da Qarabağ ruhu

08/12/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

30-cu yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

Otuzuncu yazımız 1943-1952-ci illərdə Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri olmuş Şamxal Əliməmməd oğlu Məmmədovla bağlıdır.

Şamxal Məmmədov 10 oktyabr 1910-cu ildə Qaryagin (indiki Füzuli) şəhərində dünyaya gəlmişdir. Qaryagin şəhər məktəbini bitirmişdi. Sоnra 1922-1926-cı illərdə Qaryagin kəndli-gənclər məktəbində təhsilini davam etdirmiş, 1928-1930-cu Qaryagin Pedaqoji Texnikumunda оxumuşdur. 1929-32-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. 1932-35-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində aspiranturada oxumuş və 1936-cı ildə namizədlik, 1942-ci ildə “Sadə qlikol efirlərin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1956-cı ildə “Üzvi kimya” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

1936-cı ildə Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasında dosent, professor və 1943-1952-ci illərdə kafedra müdiri olmuşdur. 1937-1943-cü illərdə SSRİ EA Azərbaycan Filialının Kimya İnstitutunda laboratoriya müdiri, 1943-49-cu illərdə isə həmin institutun direktoru işləmişdir. 1956-1959-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Kimya kafedrasının müdiri olmuşdur. 1959-78-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitututunda “Bioloji aktiv maddələrin sintezi və texnologiyası” laboratoriyasına rəhbərlik etmişdir. 1967-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Ş.Məmmədov üzvi kimya və neft kimyası sintezi sahəsində görkəmli alim olaraq, yeni elmi istiqamətlər və elmi məktəb yaratmışdır. Onun elmi fəa­liy­yə­tinin əsas istiqaməti bioloji fəal xassə daşıyan qlikol efirlərin müx­təlif törəmə­lərinin sintezi və onların əsasında alınmış effektiv preparatların yara­dılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Onun rəh­bərliyi ilə qlikol efirləri əsasında aparılan məqsədyönlü sintez nəticəsində effektiv­liyinə görə məlum analoqlardan üstün bir sıra bioloji fəal birləşmələr sinfinə mənsub və ətraf mühit üçün təhlükəsiz olan yeni herbisidlər, insekti­sidlər, akarisidlər və baytarlıqda istifadə olunan müalicəvi preparatların sin­tez üsul­ları işlənib hazır­lanmışdır. İlk dəfə olaraq, yeni sinif bioloji fəal bir­ləş­mələr olan qlikol efirlərin quruluşu ilə onların funksional xassələri arasın­da əlaqə müəyyən edilmiş, mühüm insektisid olan “Sevin” preparatında istifadə olunan metilizosianatın təhlükəsiz alınma üsulu işlənib hazırlanmışdır. Onun rəhbərliyi ilə apa­rılan fundamen­tal xarakterli işlər arasında atmosfer azotun mülayim şəraitdə fiksə edilməsi problemi böyük elmi əhəmiy­yətə malikdir.

Respublikamızda yüksəkixtisaslı kimyaçı kadrların hazırlanması sahə­sində ­böyük əmək sərf etmişdir. 25 il Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində üzvi kimyadan və onun nəzəriyyəsindən tələbələrə mühazirələr oxumuşdur. Rəhbərliyi ilə 3 elmlər doktoru və 50-dən çox  elmlər namizədi hazırlanmışdır. Öz əməkdaşları və tələbələri ilə 400 elmi əsər çap etdirmiş və 70 müəlliflik şəhadətnaməsi almışdır. O, qlikol efirlərindən bəhs edən 3 mono­qrafiyanın müəllifidir.

“Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif edilmişdir. Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

AMEA-nın müxbir üzvü Şamxal Məmmədov 1984-cü ildə Bakıda vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Şamxal Məmmədovun dünyaya göz açdığı Füzuli şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024