BDU-da Qarabağ ruhu
Fəxrlərimizin ruhu şad olur
12-ci yazı
İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.
Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.
Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.
On ikinci yazımız 1993-2014-cü illərdə Bakı Dövlət Universitetinin Slavyan ölkələri tarixi kafedrasının müdiri olmuş professor Tofiq Talış oğlu Vəliyevlə bağlıdır.
Vəliyev Tofiq 1934-cü ilin mayında Ağdam rayonunda müəllim ailəsində anadan olumuşdur. 1948-1951-ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1951-1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir. 1953-1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix İnstitutuna göndərilmişdir. 1958-1990-cı illərdə AMEA Tarix institutunda işləmişdir. 1970-1973-cü illərdə Tarix İnstitunun elmi katibi olmuşdur.
1960-1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır. 1966-cı ildə “XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi” mövzusunda namizədlik, 1986-cı ildə “XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1990-cı ildə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçmişdir. 1993-cü ildən 2014-cü ilədək fakültənin Slavyan ölkələri tarixi kafedrasının müdiri vəzifəsində işləmişdir.
160-dan çox məqalənin, 5 monoqrafiyanın, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir. 8 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır.
T.Vəliyev 1993-1997-ci illərdə Təhsil Nazirliyində Elmi-metodik şuranın, 1995-2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında “Tarix, teologiya, fəlsəfə, psixologiya və pedaqogika” elmləri üzrə, 2007-ci ildə Tarix və siyasi elmlər üzrə ekspert şurasının sədri olmuşdur. 2005-2014-cü illərdə Bakı Universitetinin xəbərləri (humanitar elmlər seriyası) jurnalının redaktoru olmuşdur.
“Əməkdar müəllim” fəxri adına layiq görülmüş, Təhsil Nazirliyinin Fəxri fərmanları və “Şöhrət” ordeni ilə təltif edilmişdir. 2014-cü ilin mayında vəfat etmişdir.
Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, rəşadətli Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Tofiq Vəliyevin dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!