BDU-da Qarabağ ruhu

10/11/2020

Fəxrlərimizin ruhu şad olur

13-cü yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 45 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

On üçüncü yazımız 1960-1970-ci illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri olmuş Bəhram Rüstəm oğlu Mirzəyevlə bağlıdır.

Bəhram Mirzəyev 16 aprel 1891-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Atası, rus ordusunun polkovniki Rüstəm Mirzəyev Bəhramı orta təhsil almaq üçün Şuşada dövrün ən nüfuzlu təhsil müəssisələrindən sayılan realnı məktəbə qoymuşdu. Lakin 1905-1906-cı illərdə Şuşada baş verən erməni-müsəlman davası realnı məktəbdə oxuyan bütün azərbaycanlı uşaqlar kimi oranı bitirməyə Bəhrama da imkan vermədi. Bəhram təhsilini davam etdirmək üçün bir çox həmyerliləri kimi Bakı Real Məktəbinə dəyişildi və 1909-cu ildə Bakı Real Məktəbini başa vurdu. 1911-ci ildə Peterburq universitetinin fizika-riyaziyyat fakültəsinə daxil oldu. 1916-cı ildə ali təhsilini başa vuraraq bir müddət Peterburqda və Donetsk vilayətində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Sonradan Azərbaycana qayıdaraq 1923-cü ildən Bakı Dövlət Universitetində elmi və pedaqoji fəaliyyətə başlamışdır.

Bəhram Mirzəyev Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində ilk dəfə olaraq Azərbaycan dilində optikaya dair mühazirələr oxumağa başlamış, fizikanın ayrı-ayrı sahələri üzrə ana dilində dərsliklər və təcrübi məşğələlər üzrə tədris vəsaitləri hazırlayaraq nəşr etdirmişdir. Onun səyi və böyük zəhməti bahasına universitetdə yeni labarotriyaların təşkil edilmiş, nümayiş müzeyi, fizika kabineti yaradılmışdır. O, 1941-ci ildə təcrübi fizika kafedrasına müdir vəzifəsinə irəli çəkilmişdir. Gənc alim bundan sonra tədqiqatlarını daha da genişləndirməyə, yarımkeçiricilər sahəsində araşdırmalar aparmağa başlamışdır. 1960-cı ildə yeni yaradılan Yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifəsinə seçilmiş, 1970-ci ilədək kafedraya rəhbərlik etmişdir. Elə həmin vaxtdan da universitetin fizika fakültəsində zəhmətkeş alimin rəhbərliyi ilə yarımkeçiricilər fizikası problemləri elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlamışdır. 1969-cu ildə Bəhram Mirzəyevə professor elmi adı verilmişdir.

50-dən çox elmi əsərin, 2 ixtiranın, Böyük Vətən müharibəsi illərində iki hərbi təklifin müəllifi olan Bəhram Mirzəyev Azərbaycan elmi qarşısında xüsusi xidmətlərinə görə 1954-cü ildə “Lenin” ordeninə, 1969-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bir neçə medalla və Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Professor Bəhram Mirzəyev 1974-cü ildə Bakıda vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Bəhram Mirzəyevin dünyaya göz açdığı Şuşa şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024