BDU-da Qarabağ ruhu

12/11/2020

Fəxrlərimizin ruhu şad olur

15-ci yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 45 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

On beşinci yazımız Bakı Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının professoru olmuş Əkbər Salman oğlu Bayramovla bağlıdır.

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, psixologiya elmləri doktoru, professor Əkbər Bayramov 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, 1945-ci ildə 7-illik Əlimədətli kənd məktəbini, 1945-1949-cu illərdə Ağdam Pedaqoji Texnikumunu və 1949-1954-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Məntiq-psixologiya şöbəsini bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə 1954-1957-ci illərdə psixologiya ixtisası üzrə Azərbaycan Pedaqoji İnstitutunda psixologiya ixtisası üzrə aspiranturada təhsil almışdır. Ə.S. Bayramov 1957-1958-ci illərdə APİ-də aspirantura şöbəsinin müdiri, 1958-1960-cı illərdə elmi işlər üzrə prorektorun köməkçisi işləmişdir.

1959-cu ildə namizədlik, 1969-cu doktorluq dissertasiyası müdafiə etmişdir. 1960-1971-ci illərdə APİ-nin psixologiya kafedrasında baş müəllim, dosent, professor vəzifələrində işləmişdir. 1971-1992-ci illərdə Bakı Dövlət Universitetinində Pedaqogika və psixologiya kafedrasının müdiri, 1992-ci ildə kafedralar ayrıldıqdan sonra Bakı Dövlət Universitetində Psixologiya kafedrasının müdiri, 1999-cu ildən həmin kafedrada professor vəzifəsində işləmişdir.

Ə.S.Bayramovun 46-ya qədər monoqrafiya, dərslik, dərs vəsaiti, elmi-kütləvi kitabları və 250-dən artıq elmi məqalə və məruzə tezisləri nəşr edilmişdir. Eyni zamanda o, psixologiya elminin, təlim-tərbiyənin aktual məsələlrinə dair 270-dən artıq qəzet məqaləsinin müəllifidir. Psixologiya, pedaqogika, məntiq və s. elmlər üzrə o, 35-dən artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın elmi redaktoru olmuşdur. 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası, Kitabi Dədə-Qorqud Ensiklopediyası üçün psixologiya elminin müxtləif problemlərinə aid 58-dən artıq məqalə yazmışdır. Eyni zamanda o, 10 cildlik Azərbaycan Sovet Ensiklopediyasının və 3 cildlik Uşaq Ensiklopediyasının redaksiya nəşriyyat şurasının üzvü olmuşdur. O, nəinki respublikada, eləcə də digər (Tacikistan, Qırğızıstan, İran İslam Respublikası və b.) ölkələr üçün psixologiya üzrə yüksəkixtisaslı elmi kadrlar hazırlanmasında yaxından iştirak etmişdir. Onun elmi rəhbərliyi ilə psixologiya elmi üzrə 35-dən artıq elmlər namizədi və elmlər doktoru dissertasiyası yazılmış, 15-dən artıq magistr dissertasiyasının elmi rəhbəri olmuşdur. Bununla bərabər o, keçmiş sovetlər məkanında 10-dan artıq namizədlik və doktorluq dissertasiyalarının rəsmi opponenti olmuşdur. Professor Ə.S.Bayramov SSRİ Psixoloqlar cəmiyyəti Azərbaycan şöbəsinin, Azərbaycan Təhsil Nazirliyi Elmi-Metodik Şurasının pedaqogika və psixologiya bölməsinin sədri, Respublika ictimai rəyi öyrənən sosioloji mərkəzin üzvü, onun təşəbbüsü və yaxından köməyi ilə psixologiya elmləri üzrə BDU nəzdində təşkil olunmuş ixtisaslaşdırılmış müdafiə şurasının (1994-2000) sədri, Respublika Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü olmuşdur (2000-2004).

Professor Ə.S.Bayramov 1970-ci ildə “Fədakar əməyə görə” yubiley medalı, 1976-cı ildə “Şərəf nişanı” ordeni, 1977-ci ildə “SSRİ maarif əlaçısı” və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə elm və 2000-ci ildə təhsil sahələrində xidmətlərinə görə “Şöhrət ordeni”, eləcə də bir neçə dəfə Azərbaycan Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. 1981-ci ildə ona Əməkdar elm xadimi fəxri adı verilmişdir.

2009-cu ildə alimə Prezident təqaüdü, 2016-cı ildə BDU-nun “Fəxri professor”u adı verilmişdir.

Professor Ə.S.Bayramov 2017-ci ildə vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi alimin ruhunu şad etmişdir, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Əkbər Bayramovun dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün isə uzaqda deyil!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024