BDU-da Qarabağ ruhu

14/11/2020

Fəxrlərimizin ruhu şad olur

17-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

On yeddinci yazımız 1990-2004-cü illərdə Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Hidrometeorologiya kafedrasının müdiri vəzifəsində çalışmış Maqbet Ədil oğlu Məmmədovla bağlıdır.

Maqbet Məmmədov 9 iyul 1937-ci ildə Ağdamda  anadan olmuşdur. Ağdam şəhər 1 nömrəli orta məktəbində oxumuş, 1953-1958 illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Hidromeliorasiya fakültəsində ali təhsil alaraq mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1958-1962-ci illərdə "Kür-Araz Su Tikinti" idarəsində baş mühəndis, 1965-1971-ci illərdə Azərbaycan Su Problemləri Elmi-tədqiqat İnstitutunda mühəndis, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1962-ci ildə Moskva Mühəndis İnşaat İnstitutunun əyani aspiranturasına  daxil olmuş, 1967-ci ildə namizədlik, 1984-cü ildə Leninqradda doktorluq dissertasiyası müdafiə etmişdir. 1986-cı ildə professor elmi adını almışdır. 1971-ci ildən BDU-nun Fiziki-coğrafiya kafedrasında, 1973-cü ildən isə Hidrometeorologiya kafedrasında dosent vəzifəsində çalışıb. 1990-2004 illərdə BDU-nun  Hidrometeorologiya kafedrasının müdiri işləmişdir.

Professor M.Məmmədov geniş sahəli elmi fəaliyyətlə məşğul olmuşdur. Onun əsas elmi-tədqiqat sahəsinə qurunun hidrologiyasının nəzəri-praktik məsələləri, hidroloji hesablama və statistik üsullar, çayların maksimal axım rejimlərinin tədqiqi, çay hövzələrinin idarə olunması, transsərhəd çayların su rejimi və deqradasiyasının azaldılması və sairə problem məsələlər daxildir. O, 150-dən çox elmi və metodiki əsərin, o cümlədən, 3 monoqrafiyanın, 4 dərsliyin, 2 dərs vəsaitinin və 10-dan artıq elmi-metodiki vəsaitin müəllifidir. İlk dəfə Azərbaycan dilində "Hidromexanika", "Qurunun hidrologiyası", "Ümumi hidrologiya", "Azərbaycanın hidroqrafiyası, "Hidrometriya" və  "Hidroloji hesablamalar" adlı dərslik və dərs vəsaitləri nəşr etdirmişdir. Bir neçə beynəlxalq elmi layihənin rəhbəri olub. Azərbaycanda ilk milli hidrometeoroloq kadrların hazırlanmasında alimin rolu əvəzsizdir. O, hidrologiya və hidravlika sahəsində  4 nəfər elmlər doktoru, 5 nəfər elmlər namizədi hazırlayıb. Almaniya, İspaniya, Fransa, Rusiya, Çexiya, Bolqarıstan, İran, İslandiya və digər ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda aktual və maraqlı məruzələrlə çıxış edərək Azərbaycan hidrologiya elmini ləyaqətlə təmsil etmişdir.

Professor M.Məmmədov 1997-ci ildən ömrünün sonuna qədər UNESKO-nun Beynəlxalq Hidroloji Proqram üzrə Azərbaycan Milli Komitəsinin sədri olub. AMEA-nın Coğrafiya İnstitutunda fəaliyyət göstərən İxtisaslaşmış Dissertasiya Şurasının, BDU-nun və Coğrafiya fakültəsinin Elmi Şuralarının, Su Problemləri Elmi-Tədqiqat İnstitutunun, Milli Hidrometeorologiya Komitəsi Elmi-Texniki Şurasının üzvü olub. 2004-cü ildə Rusiya Su Təsərrüfatı Akademiyasına üzv seçilmişdir.

M.Məmmədov görkəmli alim olmaqla yanaşı, bir pedaqoq kimi də BDU-nun professor-müəllim heyəti arasında böyük hörmət qazanmış, tələbələrin sevimlisi olmuşdur. O, BDU-da hidrometeorologiya ixtisası üzrə təhsil alan tələbələrin nəzəri və təcrübi baxımdan müasir tələblərə uyğun hazırlanmasında böyük xidmətlər göstərib. Ona kömək və məsləhət üçün müraciət edən hər kəsi diqqətlə dinləyə bilir, onların problemlərini həll etməyə çalışırdı.

Professor Maqbet Məmmədov 2004-cü il 14 sentyabrda vəfat edib.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi alimin ruhunu şad etmişdir, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Maqbet Məmmədovun dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün isə uzaqda deyil!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024