BDU-da Qarabağ ruhu

17/11/2020

 

Qarabağlı fəxrlərimizin ruhu şad olur

19-cu yazı

 

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

On doqquzuncu yazımız 1989-2000-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı olmuş Rizvan Teymur oğlu Paşayevlə bağlıdır.

Rizvan Paşayev 25 dekabr 1949-cu ildə Qubadlı rayonunun Tatar kəndində anadan olmuşdur. Orta məktəbi Zəngilan rayonunda bitirmiş, 1968-1974-cü illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Tətbiqi riyaziyyat və kibernetika fakültəsində işləməyə başlamışdır; Hesablama maşınları laboratoriyasının müdiri, sonra isə müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. 1989-2000-ci illərdə Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1998-ci ildə Rusiyanın Novosibirsk Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır.

R.Paşayevin xidmətləri yüksək qiymətləndirilmişdir. O, dəfələrlə Təhsil Nazirliyinin və BDU-nun Fəxri Fərmanları ilə təltif olunmuş, 2000-ci ildə ölkə Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülmüşdür. 2002-ci ildə yeni yaradılmış "İqtisadi informatika" kafedrasına müdir, 2005-ci ildə isə yenidən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə dekan seçilmişdir.

80-dən çox elmi əsərin, o cümlədən 6 dərs vəsaitinin müəllifidir. Professorun rəhbərliyi ilə 5 nəfər fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi adını almışdır.

Fizika-riyaziyyat elmləri doktoru, professor Rizvan Paşayev 2007-ci ildə 58 yaşında vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Rizvan Paşayevin dünyaya göz açdığı Qubadlı şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024