BDU-da Qarabağ ruhu

23/11/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

23-cü yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

İyirmi üçüncü yazımız 1939-1947-ci illərdə Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri olmuş İbrahim İbiş oğlu İbrahimovla bağlıdır.

İbrahimov İbrahim 1912-ci il fevralın 28-də Füzu­li rayonunun Qar­ğaba­zar kəndində anadan olmuşdur. 1935-ci ildə Azərbaycan Pedaqoji İnstitu­tunu bitirmişdir. 1939-cu ildə namizədlik, 1947-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, professor elmi adını almışdır. Riyaziyyat üzrə namizədlik dissertasiyası müdafiə etmiş ilk azərbaycanlı alimdir. 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilmişdir.

Akademik İ.İbrahimov əmək fəaliyyətinə 1935-1936-cı illərdə Mühəndislərin İxtisasartırma İnstitutnda başlamış, 1939-1947-ci illərdə Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, 1947-1958-ci illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Riyazi analiz kafedrasının müdiri vəzifələrində çalışmışdır. Uzun müddət BDU-da “Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi” fənnindən mühazirələr oxumuşdur. 1958-1959-cu illərdə Azərbaycan EA-nın Fizika və Riyaziyyat İnstitutunda şöbə müdiri, 1959-1963 illərdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, 1963-1994-cü illərdə həmin institutun Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1977-1994-cü illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olmuşdur.

Akademik İ.İbrahimov Azərbaycanda funksiyalar nəzəriyyəsi elmi məktəbini yaratmışdır. Analitik funksiyanın ardıcıl törəmələri sisteminin və analitik funksiya vasitəsilə düzəldilən bəzi funksiyalar sistemlərinin tamlığını tədqiq etmiş və mühüm elmi nəticələr almışdır. Bu nəticələr sırasında onun akademik M.Keldışla birlikdə “Nyuton interpolyasiya sırasının bütün tam funksiyalar sinfində yığılması üçün dəqiq əlamət”ini tapması, akademik A.Gelfondla birgə interpolyasiya nəzəriyyəsinin üsulları vasitəsilə “İki nöqtə haqqında problem” adlanan məsələni həll etməsi funksiyalar nəzəriyyəsinin böyük elmi nailiyyəti və bir sıra elmi-tədqiqatların çıxış nöqtəsi olmuşdur. Kompleks dəyişənli funksiyaların sonsuz oblastlarda tam funksiyalar vasitəsilə yaxınlaşdırılması məsələlərinə həsr olunmuş əsərlərində onun tədqiq etdiyi əsas sahələr öz əksini tapmış, həm özünün, həm də tələbələrinin əldə etdiyi nəticələrlə kompleks və həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi sahəsində mühüm əhəmiyyətli silsilə tədqiqatların təməlini qoymuşdur.

İ.İbrahimovun Azərbaycanda ali riyaziyyatın tədrisi və təşkili sahəsində böyük xid­mətləri vardır. 200-dən çox elmi əsərin, bir sıra monoqrafiya və dərsliklərin müəl­li­fidir. 60-dan çox fəlsəfə doktoru və 10 elmlər doktoru hazırlamışdır. Stokholmda, Varnada, Praqada, Budapeştdə, Nitsada, Poznanda keçirilən Beynəlxalq Konfransların iştirakçısı olmuşdur.

“Əməkdar elm xadimi” fəxri adına, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş, “Xalqlar dostluğu” ordeni ilə təltif edilmişdir.

Akademik 6 noyabr 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz İbrahim İbrahimovun dünyaya göz açdığı Füzuli şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad etmişdir.

 

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024