BDU-da Qarabağ ruhu
Qarabağlı fəxrlərimizin ruhu şad olur
24-cü yazı
İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.
Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.
Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.
İyirmi dördüncü yazımız 1973-1998-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının professoru olmuş Məhəmməd Seyidalı oğlu Həsənovla bağlıdır.
Azərbaycanın görkəmli metodist-alimlərindən biri, pedaqoji elmlər doktoru, professor Məhəmməd Həsənov 20 mart 1930-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində, Cəbrayıla ilk maarif ziyası gətirənlərdən biri olan Seyidalı müəllimin ailəsində anadan olmuşdur. 1946-cı ildə Qaryagində (indiki Füzulidə) Pedaqoji texnikumu bitirmişdir. Pedaqoji texnikumu bitirdikdən sonra bir müddət Cəbrayıl rayonunun Daşkəsən, eləcə də Quyçaq kəndlərində sinif müəllimi işləmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş və 1953-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1956-cı ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Təhsil Problemləri İnstitutunun) Azərbaycan dili tədrisinin metodikası üzrə aspiranturasını bitirmişdir. Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan ElmiTədqiqat Pedaqoji Elmlər İnstitutunda, Bakı Slavyan Universitetində işləmişdir. 1973-cü ildən ömrünün sonuna qədər BDU-da işləmiş, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasında əvvəlcə dosent, 1992-ci ildən isə professor vəzifəsində çalışmışdır. 1962-ci ildə “V sinifdə sifət bəhsinin tədrisi” mövzusunda namizədlik, 1989-cu ildə isə “Azərbaycan dili sintaksisi tədrisinin linqvistik-didaktik əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
100-ə yaxın elmi-metodik əsərin, o cümlədən bir neçə monoqrafiya, dərslik, dərs vəsaiti, metodik vəsait, metodik göstəriş, proqram və metodik məqalələrin müəllifidir. "V sinifdə sifət bəhsinin tədrisi haqqında" (1959), "V-VIII siniflərdə Azərbaycan dilinin tədrisi təcrübəsindən" (1963), "Sintaksisin tədrisində qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması" (1972), "Azərbaycan dili sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər" (1987), "Azərbaycan dili durğu işarələrinin tədrisinə dair" (1991), "Azərbaycan dili orfoqrafiya qaydalarının tədrisi" (1992), "7-8-ci siniflərdə sintaksis və durğu işarələrinin tədrisi" (2001) və digər əsərləri bu gün də müasir dövrün tələbləri baxımından aktual olaraq qalmaqdadır. Onun yazdığı III sinif üçün "Azərbaycan dili", IV sinif üçün "Azərbaycan dili" dərslikləri də bilavasitə Azərbaycan dili tədrisi metodikası elminin nailiyyətlərindəndir.
Professor Məhəmməd Həsənov bir sıra elmi əsərlərin redaktoru, N.Tusi adına APU-nun "Elmi əsərlər" məcmuəsinin redaksiya heyətinin üzvü, Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun nəzdindəki namizədlik və Nizami adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun nəzdindəki doktorluq dissertasiya şuralarının üzvü olmuşdur. 15-ə qədər namizədlik və doktorluq dissertasiyalarına opponentlik etmiş, bir sıra namizədlik və doktorluq dissertasiyalarına rəy yazmışdır.
1993-cü ilin 23 avqustunda erməni quldurlarının Cəbrayılı işğal etməsi xəbəri Məhəmməd müəllimi dərindən sarsıtmış, böyüyüb boya-başa çatdığı, doğmalarının uyuduğu torpağın düşmən tapdağı altında olması, sonra isə yaxınlarının qaçqınlıq həyatı ona güclü təsir etmişdi. O, Vətənimizin hər qarış torpağını, daşını odlu məhəbbətlə sevir, Qarabağın, eləcə də onun bir guşəsi olan Cəbrayılın azad olunacağı günü səbirsizliklə, böyük ümidlə gözləyirdi.
Professor Məhəmməd Həsənov 1 iyul 1998-ci ildə vəfat etmişdir.
Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Məhəmməd Həsənovun dünyaya göz açdığı Cəbrayıl şəhərində ən hündür nöqtəyə sancması görkəmli alim və pedaqoqun ruhunu şad etmişdir.