BDU-da Qarabağ ruhu

26/11/2020

Qarabağlı fəxrlərimizin ruhu şad olur

25-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən haqq mübarizəmizdə qazanılan tarixi qələbə onların da ruhlarını şad edir.

İyirmi beşinci yazımız Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin professoru olmuş Nadir Kərrar oğlu Mikayılovla bağlıdır.

Nadir Mikayılov 14 iyun 1939-cu ildə Ağdamda dünyaya gəlmişdir. 1958-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş, 1961-1966-cı illərdə Perm Dövlət Universitetinin Coğrafiya fakültəsində ali təhsil almışdır.

Nadir Mikayılov tələbəlik illərində Şimali Ural geoloji-axtarış ekspedisiyasının tərkibində texnik-geoloq və geomorfoloq kimi, təcrübəli mütəxəssislərin rəhbərliyi altında Rusiyanın şimali Tayqa və Tundra zonalarında çöl tədqiqat işlərində təcrübə qazanmışdır. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına qəbul olunmuş, 1972-ci ildə "Qarabağ düzündə yayılmış ağırgilli şoranların yaxşılaşdırılması" mövzusunda dissertasiya müdafiə edərək, kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1979-cu ildə baş elmi işçi diplomu almışdır.

2003-cü ildə Nadir Mikayılov "Kür-Araz ovalığında yayılmış şoran-şorakət torpaqların əmələgəlmə şəraitinin və meliorasiyanın ekoloci əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, coğrafiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

1966-cı ildə Nadir Mikayılov Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Geomorfologiya şöbəsində kiçik elmi işçi, 1974-1978-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi katibi, 1978-1982-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Torpaqların aqroekologiyası və bonitirovkası laboratoriyasının müdiri, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasında dosent, professor vəzifələrində çalışmışdır.

Nadir Mikayılovun torpaqşünaslıq və torpaq meliorasiyasının müxtəlif sahələrini əhatə edən 120-dən artıq əsəri çap olunmuşdur. Torpaqların meliorativ yaxşılaşdırılmasında açıq və qapalı drenaj şəbəkələri fonunda kimyəvi meliorasiyanı geniş tətbiq etmiş, kimyəvi meliorantlar kimi gipsdən, üzvi-mineral turşulaşdırıcı maddədən, mineral turşulardan və s. geniş, çoxfaktorlu eksperimentlər həyata keçirmişdir.

Professor bir çox beynəlxalq və respublika səviyyəli konqres, konfranslarda şorlaşmış torpaqların yaranması və meliorasiyanın ekoloji problemlərinə aid maraqlı, yeni problemlərlə çıxış etmişdir. O, dəfələrlə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və respublika "Bilik" cəmiyyətinin fəxri fərmanlarını almışdır.

Professor Nadir Mikayılov 16 noyabr 2011-ci ildə Bakıda vəfat etmişdir.

Əminik ki, Qarabağın işğaldan azad edilməsi, müzəffər Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Nadir Mikayılovun dünyaya göz açdığı Ağdam şəhərində dalğalandırması görkəmli alimin ruhunu şad etmişdir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024