BDU-da Qarabağ ruhu

28/10/2020

Fəxrlərimizin ruhu şad olur

2-ci yazı

İnsan xoş əməlləri ilə özünə məxsus iz qoyur bu ömür dünyasında. Həyatını xalqının maariflənməsinə, Vətəninin tərəqqisinə sərf edən elm-təhsil fədailəri isə ictimaiyyət tərəfindən xüsusi hörmətlə, ehtiramla qəbul edilir, sevilir və xatirələrdə yaşayırlar.

Bakı Dövlət Universiteti bir əsrdən çox yaşı və ali təhsilimizin flaqmanı olan BDU-nun, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu ali elm və təhsil məbədinə verdiyi töfhələrlə bağlı silsilə yazılar dərc etməyə davam edir.

Yazılarımızın qəhrəmanları isə ürəyi Vətən üçün alışıb yanan, özündən sonra yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töfhələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir.

İkinci yazımız 1989-1990-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuş akademik Cəmil Bahadur oğlu Quliyevlə bağlıdır.

Akademik Cəmil Quliyev 1927-ci il dekabrın 16-da Ağdamda anadan olmuşdur. 1944-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1946-cı ildən təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş, 1949-cu ildə həmin universiteti bitirdikdən sonra aspiranturada saxlanılmışdır.

C.Quliyev 1952-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək təyinatla Bakıya göndərilmişdir. 1952-ci ildən BDU-da müəllim, dosent, 1958-1972-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir.

1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və professor adını almışdır. Həmin ildən Azərbaycan Elmlər Akademiyasında fəaliyyətə başlamışdır. 1972-1978-ci illərdə o Azərbaycan EA Tarix İnstitutunun direktoru, 1976-1990-cı illərdə Azərbaycan EA-nın vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru, 1989-1990-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur.

1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir. 1976-1991-ci illərdə və 1997-ci ildən 2007-ci ilədək AMEA Rəyasət Heyətinin üzvü olub.

C.Quliyev bir neçə monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir. 7 cildlik “Azərbaycan tarixi”nin nəşrinə rəhbərlik etmiş, onun redaktorluğu ilə “Naxçıvan ensiklopediyası” (Bakı, 2002) çapdan çıxmışdır.

Akademik beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil etmiş, bir sıra hökumət və ictimai təşkilatların rəhbər orqanlarının üzvü olmuşdur. Əməkdar elm xadimi və Dövlət mükafatı laureatıdır.

1997-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Akademik 27 dekabr 2010-cu ildə vəfat etmişdir.

Əminik ki, Qarabağın tamamilə işğaldan azad ediləcəyi, rəşadətli Azərbaycan ordusunun üçrəngli bayrağımızı unudulmaz Cəmil Quliyevin dünyaya göz açdığı Ağdam şəhərində ən hündür nöqtəyə sancacağı gün uzaqda deyil!

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024